Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.

2023-10-02 Baxış: 296
img

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Kəndlərimiz, rayonlarımız bir-birinin ardınca erməni işğalçıları tərəfindən işğal olunur, doğma yurd- yuvalarından qovulan insanlar öz ölkəsində qaçqın vəziyyətinə düşür, orduda hərc-mərclik baş alıb gedirdi. Ölkə iqtisadiyyatı çökmüşdü və insanlar yavan çörək üçün saatlarla növbəyə dururdular. Ağır siyasi və iqtisadi çətinlik, vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanın bir ölkə kimi dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsini yaratmışdı. İnsanlar tamamilə ümidsiz və çıxılmaz vəziyyətdə idilər. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.

 

Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq, Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı.

 

1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi.

 

Ümummilli Lider Heydər Əliyevin yorulmaz səyləri nəticəsində respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə son qoyulmuş və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs əldə olunmuşdur. Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.

 

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısi möhtərəm Prezidentimiz İlham Əliyev dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələləri uğurla davam etdirir.

 

Mehdi Miriyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri