Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar.

2023-10-04 Baxış: 285
img

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında qeyd etmişdi ki, Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Ancaq torpaqlarımız azad edilən kimi, biz sorğu keçirdik və onların mütləq əksəriyyəti evlərinə qayıtmaq arzusunu ifadə etdilər. Bu gün artıq qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər. Yəni, bunu da düzgün qiymətləndirmək lazımdır. Bu gün hər kəs urbanizasiyadan danışır. Bizdə də bu mövzu var. Bizim bu problemimiz uzun illərdir yaşanır - insanlar bölgələrdən, kəndlərdən şəhərə can atır. Çünki şəhərdə daha çox iş yerləri, məşğulluq imkanları var və özləri üçün daha yaxşı şərait yaratmaq istəyirlər. Amma bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu isə ilk növbədə Azərbaycan xalqının öz Vətəninə nə dərəcədə bağlı olduğunu göstərir. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər.

Prezident İlham Əliyev həmçinin vətəndaşlarımızın işğal dövründə qarşılaşdıqları problemləri bir daha xatırladaraq bildirib ki, insanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından məhrum ediliblər, öz Vətənlərindən məhrum ediliblər, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər. Yeri gəlmişkən, qəbiristanlıqların böyük bir hissəsi işğalçı qüvvələr tərəfindən tamamilə dağıdılıb. Onlar bu imkanı, bu fürsəti 30 il gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi - bizim şanlı Qələbəmizlə bitən müharibə onlara bu şəraiti yaratdı. Bu gün onların bizdən gözləntiləri odur ki, onları tezliklə bu yerlərə qaytaraq.

 

Xanım Kərimova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini