19 sentyabr tarixli antiterror tədbirlərinin səbəbi.
Azərbaycan dövləti və
xalqı tarixinin yeni dönəminə qədəm qoyub. Sentyabr ayının 19-20-də, cəmi 23
saat ərzində Qarabağda aparılan uğurlu lokal antiterror tədbirləri nəticəsində
Azərbaycan Respublikasının sonuncu dəfə 1991-ci il Alma-atı Bəyannaməsi ilə
qəbul olunmuş rəsmi dövlət sərhədləri tamamilə bərpa edilib. Azərbaycanın
dövlət suverenliyi və ərazi bütövlüyü növbəti dəfə öz gücü və imkanları
hesabına təmin olunub. Xalqımız üçün son dərəcədə ağır və mürəkkəb tarixi
şəraitdə keçən 32 illik bir dönəm Azərbaycanın yeni Zəfəri ilə möhürlənib.
İkinci Qarabağ müharibəsi ilə təməli qoyulmuş mövcud uğurlu zəmin üzərində
tariximizin sonrakı zəfər səhifələrinin yazılacağına inam daha da
möhkəmləndirilib.
Azərbaycanla
Ermənistan arasında Rusiya Federasiyasının vasitəçiliyi ilə imzalanmış 2020-ci
il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndini, - "Rusiya
Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması
ilə paralel şəkildə yerləşdirilir", - Azərbaycan öz gücü ilə reallaşdırdı.
Hazırda müvafiq dövlət qurumlarımızın nümayəndələrindən ibarət şəxslər
tərəfindən Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah olunması və
Azərbaycan ərazisindən çıxarılması prosesi davam etdirilir. Halbuki 3 ilə yaxın
bir dövrdə Ermənistan nəinki bu öhdəliyin yerinə yetirilməsinə cəhd göstərirdi,
əksinə, onu əvəz etmək üçün bölgədə yerləşən məlum sülhməramlı kontingentin və
bu ölkəni revanşizmə həvəsləndirən dövlətlərin və qüvvələrin dəstəyi ilə daha intensiv
silahlanmaqda idi.
Ermənistan
rəhbərliyi səviyyəsində Qarabağın Azərbaycan ərazisi kimi tanımasından sonrakı
müddətdə də Ermənistan silahlı qüvvələri Azərbaycanın suveren ərazisindən
çıxarılmadı, əksinə, qanunsuz silahlanma, yeni silahlı dəstələrin hazırlanması,
yerli separatçıların növbəti təxribatlara həvəsləndirilməsi, mövqelərimiz
qarşısında istehkamlar qurulması cəhdləri və sair hərəkətlərə rəvac verilməsi
halları daha da artmaqda idi. Nəticə, zirehli texnika, artilleriya, hava
hücumuna qarşı ən müasir qurğuların, radioelektron mübarizə vasitələrinin,
zirehli nəqliyyatın, müdafiə istehkamlarının, bir sözlə, hərbi infrastrukturun
məhv edilməsi ilə bir hissəsi "yardım" olan yüz milyonlarla vəsaitin
göyə sovrulması.
Antiterror
tədbirləri ilə Qarabağda və Şərqi Zəngəzurda dinc quruculuq işləri ilə məşğul
olan, tarixi torpaqlarımıza, öz dədə-baba yurdlarına qayıdaraq yeni firavan
həyatına başlayan insanlarımız Ermənistanın mina terrorundan xilas edildi.
Təəssüf ki, Ermənistanın ikinci Qarabağ müharibəsindən əvvəl və sonra gətirib
Qarabağda və Şərqi Zəngəzurda məqsədyönlü şəkildə yerləşdirdiyi minalar 300
nəfərdən çox azərbaycanlı həyatını itirib, yaxud ağır yaralanıb. Qarabağ
iqtisadi rayonunda lokal antiterror tədbirlərinin başlanmasının səbəblərindən
biri də sentyabr ayının 19-da 2 nəfər mülki vətəndaşımızın və 4 nəfər polis
əməkdaşının mina terrorunun qurbanı olması idi. Azərbaycana qarşı başladılmış
amansız mina terrorunun dayandırılması böyük turizm potensialı olan bölgəyə
xarici sərmayə yatırımı və turist axını baxımından da uğurlu olacaq.
Laçın
sərhəd-buraxılış məntəqəsinin qurulması ilə sürətlənən bölgənin separatizmdən
və terrorçuluqdan xilasetmə prosesini Azərbaycan dövləti siyasi iradə, ardıcıl
diplomatik addımlar və məharətli hərb-təhlükəsizlik tədbirləri ilə öz məntiqi
sonluğuna çatdırdı. Necə deyərlər, mükəmməl altyapılı lokal antiterror
tədbirləri nəticəsində terrorçular, xunta rejimini və qanunsuz silahlı
dəstələri idarə və himayə edənlər sərt şəkildə cəzalandırıldı. Vətən
müharibəsində aldığı sarsıdıcı zərbədən hələ tam özünə gəlməyən Ermənistan isə
bir daha əmin oldu ki, Azərbaycana qarşı istənilən təxribatın bumeranq effekti
ağır olacaq.
Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası 2023-cü il sentyabrın 19-da yaydığı
məlumatda Azərbaycan dövlət adından antiterror tədbirlərinin dayandırılması
üçün 3 şərt açıqlamışdı: qanunsuz erməni silahlı dəstələri ağ bayraq
qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır.
Əks-təqdirdə, lokal antiterror tədbirləri sona qədər davam etdiriləcək. Bir
neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağın
erməni icmasının nümayəndələri səhəri gün bu şərtləri qəbul etmək
məcburiyyətində qaldılar. Sentyabrın 21-də isə ermənilərin bir vaxt ordu ilə gələcəklərini
iddia etdikləri Yevlax şəhərində Azərbaycan Respublikası Prezidentinin
nümayəndəsi ilə onların görüşü baş tutdu. Rəsmi məlumata görə, bu görüşdə qarşı
tərəfə bir sıra mesajlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasını
qəbul edib, onun normalarına uyğun yaşayacaqları təqdirdə, çoxmillətli,
çoxkonfessiyalı dövlətin bərabərhüquqlu üzvünə çevriləcəkləri aydın şəkildə
çatdırılıb. Yəqin xunta rejiminin təzyiq və təhdidlərindən qurtarılmış
Qarabağın erməni icması Azərbaycanın bu humanitar münasibətinə uyğun
davranmaqla özünün firavan gələcəyinə zəmin yarada biləcək.
Azərbaycanın
lokal antiterror tədbirləri ilə yaratdığı əsas imkanlardan biri məhz Qarabağın
erməni sakinlərinin qorxudan, kriminala, qanunsuzluğa məcbur edilməkdən uzaq,
azad vətəndaş kimi yaşamaq şansları olacaq. Bunu isə onlara, artıq özlərinin də
əmin olduqları kimi yalnız Azərbaycan verə bilər. Həmin görüşdən dərhal sonra
ərzaq və digər zəruri vasitələrdən ibarət humanitar yük karvanının Xankəndinə
istiqamət alması aydın göstərir. Bir sözlə, Qarabağın erməni əsilli sakinləri
üçün yeni tarixi bir şans yaradılıb. Azərbaycanın bütün Qarabağı və Şərqi
Zəngəzuru gülüstana çevirmək niyyəti və iki il yarım ərzində onun reallaşması
yolunda atılan uğurlu addımlar Qarabağın erməni icması üçün də yaxşı bir
örnəkdir. Ermənistanın 30 il ərzində xaraba qoyduğu kəndlər, şəhərlər yenidən
dirçəlir, bölgədə artıq 2 beynəlxalq hava limanı fəaliyyət göstərir, gələcək
iqtisadi mərkəzlərin möhkəm təməlləri qoyulur. 30 il ərzində xunta rejimi
tərəfindən ehtiyac içində yaşadılan, əzilən, heç bir müsbət ideyanın
reallaşmasına dəstək ala bilməyən erməni əhali də bu inkişafdan, imkanlardan
pay almaq istəyəcək və bu, başadüşələndir. Vətənin ayrılmaz parçaları olan
Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əsgəranın da simasını dəyişəcək, neçə illər
inkişafdan, tərəqqidən qalmış bu yurdlarımızın da üzü güləcək. Azərbaycanın
yaratdığı gerçəklik və təklif etdiyi perspektiv budur.
Əfsanə Abdullazadə,
YAP Neftçala rayon
təşkilatının fəal üzvü
Digər xəbərlər