Reinteqrasiya prosesi intensiv şəkildə davam edir.

2023-10-18 Baxış: 279
img

Hər bir dövlətin müdafiəsi və təhlükəsizliyi onun prioritetlərindən biridir. Lakin hazırkı gərgin və mürəkkəb dövrdə, hadisələrin sürətlə dəyişdiyi bir zamanda vətəndaş hüquqlarının müdafiəsi, dövlətçiliyin möhkəmləndirilməsi, ölkə maraqlarının qorunması məsələləri daha da aktuallaşmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti bu istiqamətdə özünəməxsus inkişaf yolu keçmişdir. Biz bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsində, o cümlədən müharibədən keçən 3 il müddətində gördük. Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı bu məsələyə diqqət çəkərək bildirdi ki, “Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır. Ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə, xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir”. Bununla ölkə başçısı təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın vacib olduğunu vurğuladı.

Görüşdə artıq Azərbaycanın daxili təhdidlərinin olmadığının bildirən ölkə başçısı qeyd etdi ki, “Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır”.

“Bir il əvvəl - ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdik. Lakin təəssüf ki, ümidlərimiz doğrulmadı. Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi. Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi.

Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur."

 

Elman Quliyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri