Şəhərin özünəməxsus məşğulluq imkanları var.

2023-10-23 Baxış: 277
img

Erməni vandallarının tamamilə dağıdıb yerlə-yeksan etdiyi ərazilərimizin yenidən məskunlaşdırılması çox nəhəng xərclər tələb edir. Buna görə də Azərbaycanın 30 ildə tamamilə dağıdılan ərazilərdə həyata keçirdiyi fəaliyyətlərini əslində bərpa deyil, yeni yaşayış məskənlərinin salınması kimi qiymətləndirmək daha doğru olardı. Çünki bir neçə istisnalarla, işğal dövründə Ermənistan torpaqlarımızda heç bir tikinti-quruculuq işi aparmayıb, əksinə, olanları dağıdıb. Bu səbəbdən də Azərbaycan yoldan tutmuş, kənd təsərrüfatı əkinlərinə qədər bütün sahələrdə işləri sıfırdan başlayır. Üstəlik, ərazilərin minalardan təmizlənməsi də vaxt və böyük maliyyə tələb edir. 44 günlük Vətən Müharibəsindən dərhal sonra başlanan bərpa-quruculuq işləri getdikcə daha da sürətlənir, daha geniş vüsət alır. İndiyədək 8 şəhər və 92 kəndin Baş planı təsdiqlənib, müxtəlif rayonlarda 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramının sürətli icrası nəticəsində Laçın və Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sakinlərinin yurdlarına qayıdışı başlanıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır. 3 il əvvəl şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoyub.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı tədbirdə çıxış edərkən bildirmişdi ki, şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın. Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən böyük quruculuq işləri bölgəyə qayıdacaq əhalinin məşğulluğunu təmin etmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin olunması üçün Cəbrayıl və Ağdamda sənaye zonaları yaradır. Ərazidə işləyəcək şirkətlərə, mütəxəssislərə dövlət tərəfindən böyük güzəşt və imtiyazlar verilir.

 

Günay Quliyeva,

YAP Neftçala rayon təşkilatının üzvü