Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub.
Oktyabrın
26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi
olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak
edib. Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi,
“AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında
investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr
imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də
“Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə
reallaşıb.
Qaradağ Günəş
Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik
stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə
hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye
miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon
kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii
qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min
ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş
paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq
yarımstansiya tikilib.
Açılış tədbirdə
çıxış edən cənab İlham Əliyev deyib: “Eyni zamanda, sizə məlumat vermək istəyirəm
ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik
stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad
edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal
şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik
stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata
çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat
olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə,
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub.
Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki,
külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə
enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir.”
Prezident
İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və
rolunu düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın
enerji təhlükəsizliyində mühüm rola malikdir. Qeyd edək ki, enerji və təchizatın təhlükəsizliyi, “yaşıl enerji”yə keçidlə
bağlı ümumi hədəflər əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında strateji
enerji tərəfdaşlığının əsasını da cənab İlham Əliyevdir.
Ölkəmizin
başçısı çıxışında onu da qeyd edib ki, proses davam edir və yaxınlarda yeni
layihələrin icrasına başlanacaq. Dövlətin yaratdığı investisiya mühiti,
investorlara göstərilən dəstək imkan verir ki, nəzərdə tutulan proqramlar və
layihələr vaxtında yerinə yetirilsin. Son olaraq qeyd edək ki, Azərbaycan
Prezidenti İlham Əliyevin uğurlu enerji siyasəti Azərbaycana iqtisadi dividendlərlə
yanaşı, siyasi zəmanət də qazandırır.
Gülmirə Səfərova,
YAP Neftçala rayon təşkilatının üzvü
Digər xəbərlər