4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun 9 kəndi də işğaldan azad olunub.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən
Müharibəsindəki şanlı qələbəsindən üç il ötür. Cəbrayıl şəhəri 2020-ci il
oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. Prezident İlham
Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də
Cəbrayıl Şəhəri Günü qeyd olunur.
Xatırladaq
ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və
Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və
Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi –
Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı
Maralyan və Decal kəndləri işğaldan azad olunub. Cəbrayıl rayonunun ərazisində
aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan
azad edilib. Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Azərbaycan Prezidenti, Ali
Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Beləliklə,
Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub.
Cəbrayıl
şəhərinin işğaldan azad olunması ilə Xalqımızın mənəviyyatında, tarixində dərin
iz buraxan Xudafərin körpüsünə də yol açıldı. Xudafərin adi bir körpü deyil, Azərbaycan
xalqının milli qürur məsələsi idi. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da ,
yəni müharibənin başa çatmasından bir neçə gün sonra işğaldan azad olunan Cəbrayıl
rayonuna səfər edərkən ilk olaraq Xudafərin körpüsündə oldular və cənab
Prezident tərəfindən bu körpüdə Azərbaycan bayrağı ucaldıldı. Təbii ki, Cəbrayıl
rayonunun işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlığının və şücaətinin
göstəricisidir. Rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusunun “Cəbrayılın azad olunmasına görə”
medalı ilə təltif edilməsi də bu igidliyin bariz nümunəsidir. Məhz onların
igidliyinin və qəhrəmanlığının göstəricisidir ki, biz artıq rayonlarımızın
işğal edildiyi günləri deyil, işğaldan azad olunduğu günləri qeyd edirik.
Bu gün
işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da
yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir,
sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün
infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi
üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna
mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və
açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini
verir.
Ruslan Məhərrəmov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr
müavini
Digər xəbərlər