Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı.

2023-11-07 Baxış: 323
img

“Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. 

Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur. Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”. Bu fikirlər Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev tərəfindən səsləndirilib.

Hazırda Azərbaycan azad olunmuş ərazilərində genişmiqyaslı abadlıq-quruculuq işləri görür, bunu da öz imkanları hesabına reallaşdırır. Ermənistan üzərində qazanılan tarixi qələbədən, müvəffəqiyyətlə həyata keçirilən antiterror tədbirlərindən sonra bu proses yeni vüsət alıb. Bu gün azad ərazilərdə görülən möhtəşəm işlər, xüsusən də müasir yolların çəkilməsi, körpülərin salınması, tunellərin qazılması, beynəlxalq əhəmiyyətli təyyarə meydanlarının istifadəyə verilməsi, elektrik stansiyalarının quraşdırılması, yeni yaşayış, məktəb, səhiyyə binalarının tikilməsi, uşaq bağçalarının, mədəni-məişət obyektlərinin istifadəyə verilməsi, əhalinin Laçına, Füzuliyə, Zəngilana köçürülməsi, yeni ağıllı kənd və şəhər layihələrinin reallaşdırılması da qeyd edilənlərin təsdiqidir. Beləliklə, Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerlə-yeksan edilən hər bir yaşayış məntəqəsində abadlıq-quruculuq işləri sürətlə davam edir. Azad olunmuş ərazilərdə bütün lazımi təminat işlərinin görülməsi, sosial infrastruktur qurulması fonunda keçmiş məcburi köçkünlərin Böyük Qaydışı mərhələli şəkildə həyata keçirilir. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Xatırladaq ki, işğaldan azad olunan ərazilərin bərpası prezident İlham Əlyevin 2 fevral 2021-ci il tarixli "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" barədə imzalanmış Sərəncamda öz əksini tapıb. Bu məsələnin ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Həmçinin, işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis olunub. Bu Fondun yaradılmasında məqsəd işğaldan azad olunan ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.

Azad olunan ərazilərdə görülən işlər beynəlxalq miqyasda da təqdir olunur. Məsələn, ukraynalı jurnalist Yuri Romanenko Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və işğaldan azad edilən ərazilərdə infrastrukturun bərpasında əldə olunan uğurlardan heyran olduğunu bildirib. O, müəllifi olduğu “Youtube” kanalının efirində Ukraynanın Azərbaycan təcrübəsindən dərs çıxara biləcəyi fikrini bölüşüb: “Mən Füzuli Hava Limanında olanda onların infrastrukturu necə qurduqlarını, hər şeyin necə sürətlə getdiyini görəndə, sovet “şinelindən” çıxan bir ölkənin necə güc və rasional yanaşma tapmasından heyrətləndim". O, Azərbaycanın uğurunu təmin edən əsas amilləri qeyd edib: hərbi əməliyyatlar başlamazdan əvvəl əlverişli beynəlxalq əlaqələrin yaradılması, ordunun yenidən silahlanması, Türkiyə və İsraillə münasibətlərin qurulması, həmçinin strateji kompromislər... O, həmçinin, 2016-cı ilin aprel döyüşlərinin əhəmiyyətini qeyd edib: "Bu, sonrakı münaqişənin nəticəsini əvvəlcədən müəyyən etdi. Azərbaycanın gördüyü iş bizim baxmalı və öyrənməli olduğumuz bir modeldir”. Romanenko əlavə edib ki, Prezident İlham Əliyevin fəaliyyəti xüsusi diqqətə layiqdir və ölkə tarixinə Ulu Öndərin fəaliyyəti kimi yazılacaq.

 

Fəxriyyə Qafarova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini