Perspektiv əməkdaşlıq istiqaməti

2024-04-24 Baxış: 277
img

Aprelin 22-də cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə olub. Əvvəlcə iki dövlət başçılarının təkbətək görüşü keçirilib. Görüş zamanı ölkələrimiz arasında iqtisadi-siyasi sahələrdəki əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə yanaşı həm də bu il 50 illik ybileyi qeyd edilən Baykal-Amur Magistralının tikintisi və bu zaman Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətləri yad olunub.

BAM-ın reallaşmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məxsusi xidmətlərinin olması bu gün hər kəs tərəfindən, o cümlədən bu nəhəng tikintinin bilavasitə iştirakçıları tərəfindən etiraf olunur. Bu tarixi fakt Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə keçirdikləri görüşdə səsləndirilən fikirlərdə də bariz şəkildə öz əksini tapıb. Həmin görüşdə çıxış edən cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan inşaatçıları və mütəxəssisləri BAM üzərində iki dəmir yolu stansiyasını inşa ediblər. Bu dəmiryolu magistralının tikintisinə ilk dəfə 1975-ci ildə gəlmiş azərbaycanlılardan ibarət inşaat dəstəsinin iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılır. Həmin dövrdə bu işlər Azərbaycana rəhbərlik edən Heydər Əliyevin daimi nəzarəti altında idi. Qeyd edilməlidir ki, bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir.

Prezident İlham Əliyevin Rusiyaya bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına və dərinləşməsinə böyük töhfə verəcəyini də xüsusi vurğulayıb. Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, artıq iki ildən çoxdur ki, Azərbaycan və Rusiya öz əlaqələrini 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində tənzimləyirlər. Həqiqətən bu mühüm sənəd ölkələrimiz arasında münasibətlərin gələcək ardıcıl inkişafını da müəyyən edir. Bu baxımdan təbii ki, Azərbaycan və Rusiya Prezidentlərinin qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına yönəlmiş səyləri mühüm əhəmiyyət kəsb edir.

Həmçinin, ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Beləliklə, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır və hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Əminliklə deyə bilərik ki, bu görüş münasibətlərimizin inkişafına yeni təkan verəcək.

 

Arif Bağırov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri