100 il ərzində özümüzü və müvafiq tərəfdaşlarımızı qazla təmin edəcəyik.

2024-04-26 Baxış: 328
img
Bugünümüzün əsas müzakirə mövzularından biri Azərbaycanın noyabr ayında mötəbər tədbirə-COP29-a ev sahibliyi etməsidir. Tarixən neft ölkəsi kimi tanınan, illər keçdikcə, eyni zamanda, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınan Azərbaycan bununla sübut etdi ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafın təmin eilməsində əsas faktordur. Ümummilli Lider Heydər Əliyev bu tezisi irəli sürmüşdü ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi uzaqgörən siyasətin nəticəsi idi. Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasını belə xarakterizə etmişdi ki, biz bu addımı atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.
“Əsrin müqaviləsi” Azərbaycanın qarşısında geniş imkanlar açdı, dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın artması fonunda illər geçdikcə imzalanan sazişlərin, Anlaşma memorandumlarının sayı artdı. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ilin mayında çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyun ayında layihənin əsas tərkib hissələrindən olan TANAP-ın, 2020-ci ilin sonunda isə TAP-ın istifadəyə verilməsi Azərbaycanın enerji diplomatiyasının uğurlarıdır. Hazırkı dövrün mühüm çağırışları sırasında TANAP-ın və TAP-ın genişləndirilməsi məsələsi dayanır. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır.
Təbii ki, bunlara qısa nəzər salmağımız səbəbsiz deyil. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu imzalanan sənədlərin say tərkibində də özünü göstərir. Belə ki, Azərbaycanın Avropa İttifaqı və quruma üzv olan dövlətlər ilə enerji sahəsində əməkdaşlığı göz qabağındadır. Dövlət başçısı İlham Əliyev aprelin 23-də ADA Universitetində 30 ölkədən 64 nümayəndənin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin enerji diplomatiyasının uğurlarından bəhs edərək bu mühüm məqamı xüsusi qeyd etdi ki, bizim bütün enerji layihələrimiz əməkdaşlığa aparır. Bu gün Cənub Qaz Dəhlizi ilə əhatə olunan ölkələrə nəzər salsanız görərsiniz ki, bu ölkələrin bəziləri arasında münasibətlər heç də yaxşı deyil. Lakin bu layihələr onları birləşdirir: “Bu, müştərək maraqdır. Burada uduzan tərəf yoxdur və əslində, enerji sülhə doğru aparır. Tarixdən biz bilirik ki, neft müharibəyə, qan tökülməsinə gətirib çıxarır. İndi isə biz paradiqmanı dəyişirik və hələ ki, buna müvəffəq olmuşuq. Azərbaycan artıq 30 ildir ki, beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkə biz olmuşuq və hesab edirəm ki, bizim gələcəyimiz daha da parlaqdır. Biz qazıntı yanacağından istifadəni dayandırmayacağıq, biz bunu etməyəcəyik. Lakin, eyni zamanda, diqqətimizi yaşıl gündəliyə yönəldəcəyik.”
Hazırda əsas hədəf ixracı şaxələndirməkdir. “Bu, asan olmayacaq” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, çünki qaz hasilatı və ixracı artacaq. İqtisadiyyatın digər sahələrində ixrac üçün bazarlar lazımdır: “Bizim problemimiz ondan ibarətdir ki, müəyyən məhdudiyyətlər və kvotalar səbəbindən Avropa bazarına, Avropa İttifaqının bazarına və sair yerlərə asan çıxışımız yoxdur. Bizim üçün əsas bazarlar qonşu ölkələrdir. İlk növbədə, Rusiya qeyri-enerji məhsulları üçün əsas bazarımızdır və həm də Türkiyə. İxracımızı şaxələndirmək üçün təkcə məhsul istehsal etmək kifayət deyil, bizim çıxışımız da olmalıdır. Bunun üzərində işləyirik.”
Bu reallıq da diqqətə çatdırıldı ki, nəhəng təbii qaz yataqlarına malik olmaq bizim üçün ən azı 100 il ərzində özümüzü və müvafiq tərəfdaşlarımızı təmin etməyə kifayət edəcək: “Biz, eyni zamanda, bərpaolunan enerji mənbələrinə investisiyalar cəlb etdik. Sadəcə, onu qeyd edim ki, Günəş və küləyin olması bizim üçün böyük bir vəsilədir. Təxminən ildə 300 gün külək əsir, amma indi o, Xəzər dənizindən nəinki təmiz hava, həm də təmiz enerji gətirəcək.”

Mehrac Gözəlov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkiilatının sədri