Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
2024-05-20
Baxış: 306
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə, o cümlədən, maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Bununla yanaşı, hər iki ölkənin malik olduğu güclü potensial iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan verir. Əlbəttə, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir və Azərbaycanın azad edilmiş ərazilərində birgə layihələrin reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirə bilər. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardı: “Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir”.
Bu gün dünya sürətlə dəyişir və mürəkkəb geosiyasi reallıqlar fonunda münasibətlərin inkişaf dinamikasını diqqət mərkəzində saxlamağı zəruri edir. Tərəflər arasında imzalanmış dövlətlərarası sazişlər də belə deməyə əsas verir ki, iki dövlət malik olduğu potensialdan maksimum yararlanmaq istəyirlər. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollardır və Prezident Aleksandr Lukaşenkonun mətbuata bəyanatında vurğuladığı kimi tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmaq niyyətindədirlər. İndiyədək imzalanmış çoxsaylı sazişlər iqtisadi əlaqələrin inkişafı üçün güclü qanunvericilik bazası rolunu oynayır. Birjalararası əməkdaşlıq var, Azərbaycan Respublikası Birja Şuraları İctimai Birliyi ilə Belarus Universal Əmtəə Birjasının Memorandumu qüvvədədir.
Azərbaycan və Belarus parlamentləri arasında da yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Həm Azərbaycan Milli Məclisi, həm də Belarus Respublikasının Milli Məclisi iki ölkə arasında əlaqələrin inkişafı üçün parlamentarilərdən ibarət xüsusi işçi qrupları yaradıblar. Belarus və Azərbaycan Parlamentlərarası İttifaqın (PAİ), MDB Parlament Assambleyalarında, ATƏT və QDİƏT-də sıx əməkdaşlıq edir. Bundan başqa, iki ölkə arasında mədəni əlaqələr də qorunub saxlanılır və fəal inkişaf etdirilir.
Belarusun 10 regionu ilə Azərbaycanın, xüsusən Qomel və Gəncə, Mogilyov və Sumqayıt, Qrodno və Qəbələ şəhərlərinin yaxın regionları arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq əlaqələri qurulur. Bakı ilə Minsk arasında qardaş şəhər əlaqələrinin yaradılması haqqında imzalanan memorandumun ölkələr arasında münasibətlərin inkişafına töhfə olacağı şübhəsizdir.
Səfər çərçivəsində cənab Lukaşenkonun Azərbaycan və onun lideri haqqındakı xoş sözləri hər birimizi qürurlandırdı. Regionda Azərbaycanın timsalında olduqca güclü, normal, lider ölkənin mövcudluğunu bildirən Belarus Prezidenti azərbaycanlı həmkarına xitabən, Siz regionu nəzarətdə saxlamağa qadir və bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, zaman Sizi seçib, Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız fikirləri Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzlu lider imicinin daha bir təsdiqi oldu.
Prezident Lukaşenkonun işğaldan azad olunmuş ərazilərimizə səfəri zamanı düşmənin xaraba qoyduğu yaşayış yerlərini və qısa müddətdə aparılmış geniş quruculuq işləri ilə yaxından tanışlığı Azərbaycanın lider dövlət kimi ərazi bütövlüyünü təmin etməklə yanaşı bölgədə inkişafın da tək ünvanı olduğunun bariz nümunəsi idi. Eyni zamanda Belarusun Qarabağın dirçəldilməsi prosesinə töhfə verməyə hazır olması iki dövlət arasındakı dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək olduğunu göstərmiş oldu.
Elvira Bağırova,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər
2021-11-04
2023-04-18