Şirvan-Salyan İqtisadi Rayonunda Məşğulluq və İşsizlik Səviyyəsinin Mövcud Vəziyyəti

2024-05-20 Baxış: 123
img

Respublikamızda işsizliyin azaldılması üçün reallaşdırılan məşğulluq siyasəti nəticə verməkdədir. 2004-cü ildən etibarən davamlı şəkildə təsdiq edilən dövlət proqramları iqtisadi rayonların sosial-iqtisadi inkişafında, işsizliyin azaldılmasında mühüm rolu olmuşdur.

Bütün bunları ümumiləşdirərək Şirvan-Salyan iqtisadi rayonunda məşğulluq və işsizlik səviyyəsinin mövcud vəziyyəti ilə bağlı aşağıdakı statistik göstəriciləri əldə etdik.

2010-cu illə 2023-cü ili müqayisə etdikdə Şirvan-Salyan iqtisadi rayonunda məşğul gənclərin artım faizi ümumölkə göstəricisinə yaxın olmuşdur. Buradakı artım faizi 20%-ə yaxın olmuşdur. Bu iqtisadi rayonda artım faizinin bu qədər yüksək olmasına səbəb 2010-cu ildə məşğulluq səviyyəsinin aşağı olmasıdır. 2016-cı ildə isə bu göstərici 15%-ə qədər olmuşdur. İqtisadi rayonunda ən yüksək nəticə Salyanda 9%, ən aşağı göstərici isə Biləsuvarda 6,4% olmuşdur.

İqtisadi rayonda məşğul olan gənclərin bir hissəsi isə muzdla işləyənlərdir. 2010-cu illə müqayisədə burada 16,1% olmuşdur. 2016-cı ildə isə bu göstərici 10,4%-ə qədər düşmüşdür. Şirvan-Salyan iqtisadi rayonunda muzdla işləyən gənclər arasında ən yüksək göstərici Şirvanda 5,6%, ən az göstərici isə Neftçalada 1,5%-dir.

Şirvan-Salyan iqtisadi rayonundakı işsizlik dinamikasına fikir verdikdə, 2010-2023-cü illər aralığında burada işsizliyin 38,7% azaldığını görürük. Bu azalmaya rəğmən ölkə üzrə işsiz gənclərin ən çox hissəsi Şirvan-Salyan iqtisadi rayonunun payına düşür. Belə ki, bu göstərici iqtisadi rayonda 21,2%-dir. Burada işsizlik üzrə ən yüksək göstərici Biləsuvarda 6,5%, ən aşağı göstərici isə Şirvanda 3,9% olmuşdur.

Şirvan-Salyan iqtisadi rayonunda işsizliyin bu cür yüksək səviyyədə olmasının səbəbi isə gənclərin iş axtararkən dövlət məşğulluq orqanlarına daha geniş müraciəti, daha yüksək fəallığı ilə izah edə bilərik.

Beləliklə, görürük ki, Azərbaycan Respublikasının prezidentinin regionların iqtisadiyyatını gücləndirmək, əhalinin məşğulluq səviyyəsini yüksəltmək yönündə həyata keçirdiyi davamlı və hərtərəfli siyasət, qəbul etdiyi proqramlar Şirvan-Salyan iqtisadi rayonunda da işsizliyin azalmasına, gənclərin məşğulluğunun artmasına səbəb olmuşdur.

Ülvi Nəhmədzadə ,
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının magistratura tələbəsi