S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında "Azərbaycanda elm və təhsilə şagird baxışı" mövzusunda IV Şagird Respublika Elmi-praktik Konfransı keçirilib

2024-06-21 Baxış: 334
img
İyunun 20-də S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycanda elm və təhsilə şagird baxışı" mövzusunda IV Şagird Respublika Elmi-praktik Konfransı keçirilib.

Konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birbaşa tabeliyində olan S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ETN akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Quba şəhərinda Soyqırımı Memorial Kompleksi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, və AMEA-nın Şəki Regional Elmi Mərkəzidir.

Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış tədbirində çıxış edən S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu xatırladaraq, bununla əlaqədar gimnaziyada bir sıra yarışlar, müsabiqələr keçirildiyini və hazırda keçirilən "Azərbaycanda Elm və təhsilə şagird baxışı" mövzusunda IV Şagird Respublika Elmi-praktik Konfransının bu tədbirlər sırasında önəmli yer tutduğunu bildirib. İ.Talıbov öncəki illərdə konfransa ancaq gimnaziyanın şagirdlərinin qatıldığı halda, bu il ilk dəfə paytaxtın və regionların digər məktəb, lisey və gimnaziyalarının şagirdlərinin iştirak etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva Azərbaycan dilinin qorunmasında dövlət rəhbərlərinin mühüm rol oynadığını deyərək, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu istiqamətdə xidmətlərini qeyd edib. S.Əliyeva konfransda iştirak edən şagirdlərin nümunəsində Azərbaycan dilinin gözəl elmi üslubda ifadəsinin şahidi olacağına əminliyini bildirib.

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb və bildirib ki, elm və təhsilin inteqrasiyasını dəstəkləyən konfransın ən ümdə xüsusiyyətinin təhsildə öndə olan şagirdlərin elmi potensialını ortaya qoyması üçün şərait yaratmasıdır.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü konfransın işini yüksək qiymətləndirərək, bugünkü iştirakçı şagirdlər arasından gələcəyin alimlərinin yetişəcəyini deyib.

ETN akad. Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani təmsil etdiyi elmi müəssisədə ekoloji mühit, təbiətin qorunması sahəsində mühüm işlərin görüldüyünü qeyd edərək, şagirdlərin hazırkı konfrans vasitəsilə elmi araşdrımalara cəlb edilməsinin əhəmiyyətini vurğulayıb, bu konfransın gələcəkdə beynəlxalq miqyasda keçirilməsini arzulayıb.

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı konfransın iştirakçıların elmi potensialları ilə yanaşı natiqlik qabiliyyətlərinin də üzə çıxarılmasında mühüm rol oynadığını deyib. S.Talıblı bu konfransın şagirdlərin həyatında dönüş nöqtəsi olacağını, onların sırasından gələcəyin alimlərinin, tədqiqatçılarının yetişəcəyini bildirib. 

Konfrans daha sonra öz işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya-biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya”, “Estetik və fiziki tərbiyə”, “Xarici dillər” bölmələrində davam etdirib.