Davamlı və sabit əməkdaşlıq üçün bütün lazımi amillər mövcuddur.

2024-07-23 Baxış: 206
img
İyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevə olan yüksək diqqət, səmimiyyət, liderlərin görüş üçün müraciətləri Azərbaycanın qitə üçün önəminin bariz nümunəsidir. Onlar Prezident İlham Əliyevi özlərinin enerji təhlükəsizliyi məsələsində qarantor, xilaskar kimi görür və qiymətləndirirlər. Birliyin Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlətimizin başçısının çıxışı da rəğbətlə və maraqla qarşılandı.
2021-ci ildə Avropa qitəsinə Azərbaycanın qaz təchizatı ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. Azərbaycandan səkkiz ölkə təbii qaz alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə.
“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev yeni tərəfdaşların da olduğuna diqqət çəkərək bildirdi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ölkəmiz bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Azərbaycan yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməyi düşünür. Həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışır. Çünki Azərbaycanın İtaliyaya təchizatı 9 milyard kubmetrdirsə, İtaliyaya ölkəmizdən 20 milyard kubmetr qaz almaq istəyir. Bu, sadəcə, Azərbaycan qazına olan tələbatın bir nümunəsidir.
Davamlı və sabit əməkdaşlıq üçün bütün lazımi amillər mövcuddur. Azərbaycanın lazımi resursları və infrastrukturu var. “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi.İndi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan dərhal Avropaya təchizata başladı. Artıq üç ildən çoxdur ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib.

Xannənə Ağayeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri