44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini göstərdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı
ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri bütün dünyaya
Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Vətən müharibəsi
qəhrəman əsgər və zabitlərimizin yüksək qələbə əzmini, vətənpərvərliyini,
xalqımızın milli birliyini, Azərbaycanın heç vaxt işğalla barışmadığını, nəyin
bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha
təsdiq etdi. Qəhrəman ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə,
cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana
şəkildə rədd edən terrorçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün
dünyaya sübut etdi. Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi
qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bu müharibədə qardaş Türkiyənin
mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir
çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Ümumiyyətlə, Türkiyə
hər zaman Azərbaycanın yürütüyü siyasətə hər tərəfli dəstək göstərən ölkədir.
Yada salmaq kifayətdir ki, ərazilərimizin 30 ilə yaxın müddətdə Ermənistanın
işğalda saxlamasına etiraz əlaməti olaraq Türkiyə bu ölkə ilə sərhədləri
bağlamış və beynəlxalq arenada Azərbaycanın haqq işinə hər zaman öz dəstəyini
nümayiş etdirmişdir. Xalqımız bu dəstəyi Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun düşməndən öz
torpaqlarını azad etdiyi 44 günlük Vətən müharibəsində şahidi oldu. 44 gün
ərzində apardığımız bu haqq savaşı dost və qardaş ölkələri bizə bir daha
tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkrli siyasət aparan
dövlətlərin əsl simasını da üzə çıxardı. Hər zaman Azərbaycanın haqlı mövqeyini
dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi, siyasi
dəstəyini və köməyini əsirgəmədi. Türkiyə kimi regionda və dünyada güclü bir
dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük
siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Müharibənin başladığı ilk
günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu
göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük
qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Qarabağ zəfəri sayəsində dünya
iki qardaş ölkənin bir-birinə necə cani dildən bağlı olduğunun şahidi oldu.
Burada biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi və mənəvi dəstəyini
də xüsusi olaraq qeyd etməliyik. Bununla bağlı o şərəfli və çətin günlərdə
Prezident İlham Əliyev qadaş ölkənin rolunu yüksək qiymətləndirərək bildirmişdir:
“Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən
verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və
biz bunu heç zaman unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya
Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.”2020-ci ilin dekabr ayının
10-da Bakının Azadlıq meydanında 44 günlük Vətən müharibəsindəki şanlı Qələbə
münasibəti ilə keçirilən hərbi paradda başda Türkiyə Cumhuriyyətinin Prezidenti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və hökümət nümayəndələrinin iştirak
etməsi dostluq və qardaşlığımızın növbəti tənətəsi kim tarixə düşdü.2021-ci il
iyunun 15-də isə Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş
Günündə, Qars müqaviləsindən yüz il sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim
Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada iki dost və qardaş
ölkə arasında Bəyannamə imzalamaqla, sözün əsl mənasında, tarix salnamə
yazdılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə müttəfiqliyinin rəsmi təminatı oldu.
Bu Bəyannamə iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə
söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və
qardaşlığın nümunəvi xarakterindən xəbər verir. Eyni zamanda, Azərbaycan da öz
növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipial məsələlərdə güclü
dəstək nümayiş etdirir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin
“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal
Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
kəlamlarının real həyatda bir daha öz təsdiqini tapmasıdır.
Pikə Ağaverdiyeva,
YAP Neftçala rayon
təşkilatının fəal üzvü
Digər xəbərlər