“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub
2024-09-30
Baxış: 88
Tanınmış tənqidçi, ədəbiyyatşünas Mehman Qaraxanoğlunun Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr etdiyi “Kamal Abdulla: yaradıcılıq stixiyası” adlı kitabı çap olunub.
Kulis.az xəbər verir ki, kitabda Mehman Qaraxanoğlunun Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kamal Abdullanın yaradıcılığına həsr etdiyi ədəbi-tənqidi təhlillər və esselər toplanıb.
Müəllifin müxtəlif zamanlarda qələmə aldığı ədəbi-tənqidi məqalə və esselərini bir araya gətirən kitabda Xalq yazıçısı Kamal Abdullanın fundamental elmi və bədii yaradıcılığı ədəbi düşüncənin müasir elmi-nəzəri problemləri müstəvisində analitik tədqiqə cəlb olunur. Mehman Qaraxanoğlu müxtəlif hermenevtik üsul və hissi-analitik yanaşmalarla özünəməxsus fərqli təhlillər apararaq Kamal Abdullanın əsərlərindəki mürəkkəb məna qatlarını, dərin estetik dəyərləri diqqət mərkəzinə çəkərək, yazıçının yaradıcılığını geniş və hərtərəfli şəkildə təhlil edir. Kitabda, həmçinin, Xalq yazıçının milli söz sənətinə gətirdiyi yeniliklər, onların dünya ədəbiyyatı ilə əlaqələri tədqiq edilir.
“Füyuzat” nəşriyyatında işıq üzü görən “Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabının elmi redaktoru akademik Muxtar İmanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubovadır. Nəşrin rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Ağahüseyn Şükürov və Adil Həsənoğludur.
Kitabda toplanan məqalələr müxtəlif zamanlarda qələmə alınsa da, bu mətnlər ayrı-ayrı fəsillərdə (“Müxtəlifliyin harmoniyası”, “Kamal Abdulla hekayələrinin meditasiyası: özünü oxu, özünü şərh et!”, “Görükməz təpə”lər: romanlar”) bir-biri ilə elə məharətlə birləşdirilir ki, bitkin məzmun alınır. Kamal Abdullanın bütövlükdə bədii yaradıcılığını müxtəlif aspektlərdən təhlilə çəkən həmin mətnlərdə akademikin fundamental elmi yaradıcılığı da fərqli prizmadan araşdırılır: “Kamal Abdullanın elmi fəaliyyəti haqqında saatlarla danışmaq olar. Bir də axı nə elmi fəaliyyət?! Məgər ayrılıqda “elmi fəaliyyət” var? Onun üçün belə şeylər yoxdur. Elm Kamal müəllim üçün sınırları məlum olmayan nəhəng bir yaradıcılıq növü, qeyri-səlis məntiqlə, vird, vəcd və sonsuz metamorfozlarla iç-içə olan bütöv bir Kosmosdur!” Təbii ki, nəşrdə başlıca diqqət Kamal Abdullanın mifoloji mətnlərinə, “Dədə Qorqud” sevgisinə yönəldilir: “Ümumiyyətlə, qeyri-səlis məntiq nəzriyyəsi bütün elm və incəsənət sahələrində son nöqtənin olmadığını bəyan edir. Zənnimizcə, Kamal Abdullanın “Dədə Qorqud”dan heç cür qopa və ona son nöqtəsini qoya bilməməsinin başlıca səbəblərindən biri də budur”.
Beləliklə, kitab oxucunu bütövlükdə Kamal Abdulla yaradıcılığının dərkinə aparan yeni cığırlar salır. Bu yollar yazıçının mətnlərinin dərin məna qatlarına, fəlsəfi mahiyyətinə işıq saçdıqca, bu əsərlərin təkcə milli söz sənətinə deyil, bütövlükdə dünya elmi və mədəniyyətinə verdiyi töhfələr də xüsusi vurğulanır. Ədibin yaradıcılığına dərin fəlsəfi yanaşma, analitik təhlil, öz növbəsində, Kamal Abdullanın mətnlərinə fərqli rakursdan baxmaq fürsəti verir, yazıçının ədəbi dünyasını dərindən dərk etməyə yardım edir. Beləliklə, Mehman Qaraxanoğlunun təqdim etdiyi yeni nəşr Kamal Abdulla əsərlərinin qavranılmasında yeni perspektivlər açır, bu bənzərsiz yaradıcılığın dərinliklərinə baş vurmaq istəyən hər bir oxucu üçün dəyərli ədəbi-nəzəri mənbəyə çevrilir.
Digər xəbərlər
2021-11-04
2023-04-18