“Global Research” (Beynəlxalq tədqiqat) layihəsi çərçivəsində “XXI əsrdə Beynəlxalq Münasibətlərin əhəmiyyəti" mövzusunda vebinar keçirdi

Global
Research-ün
təşəbbüsü 23 fevral 2025-ci ildə "XXI əsrdə Beynəlxalq Münasibətlərin əhəmiyyəti" mövzusunda vebinarı
uğurla təşkil etdi. Tədbirdə beynəlxalq münasibətlər sahəsində tanınmış
mütəxəssislər iştirak edərək qlobal diplomatiyanın, texnologiyanın və tarixi
yanaşmaların bu sahəyə təsiri barədə müzakirələr apardılar.
Bu vebinar Global Research təşəbbüsünün bir
hissəsidir. Layihə üç beynəlxalq konfrans, üç vebinar və iştirakçılar üçün
fasiləsiz asinxron dəstək xidmətlərini əhatə edir. Layihənin ilk konfransı
Sinqapurda (SMU) keçirilib, ikinci konfrans 13 aprel 2025-ci ildə Qahirədə
keçiriləcək, final konfransı isə Şuşada baş tutacaq.
Tədbir saat 18:50 (GMT+4) iştirakçıların yoxlanışı,
texniki hazırlıq və salamlama ilə başladı. Moderator Nigar Şükürova Global
Research təşəbbüsünü təqdim edərək beynəlxalq münasibətlərin müasir dünyada
artan əhəmiyyətini vurğuladı.
Pakistanlı məruzəçi Şeraz Mehmood (Beynəlxalq
Münasibətlər üzrə Ph.D. namizədi): “Beynəlxalq münasibətlərdə texnologiyanın
rolunu anlamaq, imkanlar və təhlükələr” mövzusunda təqdimat etdi,
texnologiyanın qlobal diplomatiyaya təsirindən danışdı, kiber təhlükəsizlik
riskləri və süni intellekt əsaslı strategiyalara toxundu.
Dr. Subhan Talıblı (dosent, tarix üzrə fəlsəfə doktoru):
“Beynəlxalq münasibətlərdə həssas yanaşmalar” mövzusunda çıxış edərək qlobal
əməkdaşlığın tarixi perspektivləri, diplomatiya və mədəni həssaslığın balansı,
keçmiş beynəlxalq münaqişələrdən dərslərdən bəhs etdi.
AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,
ADPU-nun Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı,
Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın xarici
siyasətinin əsas aspektlərini vurğuladı. O qeyd etdi ki, Azərbaycan 177 ölkə
ilə diplomatik əlaqələr qurub və 80-dən çox səfirlik və konsulluğa ev sahibliyi
edir, eyni zamanda 62 ölkədə öz diplomatik nümayəndəliklərinə malikdir.
İnteraktiv sual-cavab və açıq müzakirə
sessiyasında iştirakçılar məruzəçilərlə birbaşa əlaqə yaratmaq imkanı əldə
etdilər və beynəlxalq münasibətlərin gələcək perspektivlərini araşdırdılar.
Vebinarda ADPU-nun Şamaxı filialının, Bakı Qızlar
Universitetinin və AZMIU-nun professor-müəllim və tələbə heyəti, müxtəlif
ölkələrdən olan akademik auditoriya iştirak etdilər.
Tədbir beynəlxalq əməkdaşlığın inkişafında dialoqun
əhəmiyyətini vurğulayan yekun çıxışlarla başa çatdı. Sonda “XXI əsrdə Beynəlxalq münasibətlərin
əhəmiyyəti" mövzusunda vebinar iştirakçılarına sertifikatlar təqdim olundu.
Global Research təşəbbüsünün növbəti əsas tədbiri 13
Aprel 2025-ci ildə Qahirədə keçiriləcək Beynəlxalq Konfransdır. Burada alimlər
və peşəkarlar Süni Intellektdə etik məsələlər, imkanlar, risklər, təklükələr və
həllər sahəsində əsas məsələləri müzakirə edəcəklər.
Global Research, elm, təhsil, innovasiya və beynəlxalq
münasibətlər sahəsində akademik müzakirələri və əməkdaşlığı təşviq edən aparıcı
platformadır. Konfranslar, vebinarlar və ekspert görüşləri vasitəsilə bu
təşəbbüs qlobal bilik paylaşımını və inkişafı dəstəkləməyi hədəfləyir.


Digər xəbərlər



