“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz (III cild)” kitabının təqdimatı keçirilib

2025-04-24 Baxış: 33
img
“Zəngəzur, Göyçə, İrəvan və digər vətən torpaqlarının geri qaytarılması bizim milli ideologiyamızın əsasını təşkil etməlidir”.
  
Şamaxı Rayon İcra Hakimiyyətinin, Sosial Tədqiqatlar Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində “Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” elmi-praktik konfrans və “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz (III cild)” kitabının təqdimatı keçirildi. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədr köməkçisi Laçın Abbasov, mərkəzin sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü, sosiologiya elmləri doktoru Əfqan Vəliyev, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədr müavini Altay Məmmədov, Qərbi Azərbaycandan olan və Şamaxıda məskunlaşan nümayəndələr, filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak edirdi.
Tədbirdən öncə Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə dərc olunan kitablardan ibarət sərgi nümayiş olundu. Həmçinin filialın kitabxanasına Qərbi Azərbaycan tarixi və mədəni irsinə həsr olunmuş nəfis tərtibatlı bir çox dəyərli kitablar hədiyyə edildi. 
Elmi-praktik konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan torpaqları, suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra mövzuya həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova qeyd etdi ki, Cənab Prezidentin nitqində səsləndirdiyi strateji xətti əsas götürərək, Qərbi Azərbaycana qayıdışın ideoloji-siyasi konsepsiyasını və elmi əsaslarını formalaşdırmaq prosesinə töhfə vermək məqsədilə bu gün filialda “Konstitusiya və suverenlik ili” çərçivəsində “Qərbi Azərbaycana qayıdışı tarixi, hüquqi və əsasları” adlı elmi seminar və “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz (III cild)” kitabının təqdimatı keçirilir. 
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki proqram mahiyyətindəki çıxışı elm adamları və tədqiqat mərkəzlərinə ünvanlanmış tapşırıq idi. Hörmətli Prezidentimizin qarşıya qoyduğu yeni milli hədəfi həyata keçirmək istiqamətində fəaliyyətə cəmiyyətin bütün təbəqələrinin qoşulması nəticəsində Qərbi Azərbaycan məsələsinin siyasi, elmi, tarixi və strateji baxımdan tədqiq və təbliği ümummilli məsələyə çevrildi. Geniş struktura malik Qərbi Azərbaycan İcmasının fəaliyyətinə dəstək hər bir qqarşımızda dayanan əsas vəzifələrdəndir. Çıxışda xüsusi vurğulandı ki, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Keşkənd icmasının sədri professor Mahirə xanım Hüseynovanın rəhbərliyi altında Qərbi Aəzrbaycan Araşdırmalar Mərkəzi yaradılmışdır.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədovun adından tədbir iştirakçılarını salamlayan başçının müavini Mehriban Eyubova qeyd etdi ki, Qərbi Azərbaycan icmasının fəaliyyəti Azərbaycanın tarixi torpaqlarına olan bağlılığını və suverenliyini bir daha gücləndirir. Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlər, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və tarixi haqlarını müdafiə etmək, bu prosesin hüquqi və beynəlxalq müstəvidə dəstəklənməsi çox önəmlidir Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə bir sıra təşəbbüslər həyata keçirilir, bu da xalqın kimliyini və tarixini yaşatma baxımından müsbət addımdır. Tədbirlər, həmçinin sosial həmrəyliyi artıraraq, cəmiyyəti birləşdirir və millətimizin gücünü nümayiş etdirir. Qərbi Azərbaycana qayıdışla bağlı bu addımlar, ölkənin milli maraqlarını qorumaq və dünya ictimaiyyətinə doğru mesajlar vermək baxımından böyük əhəmiyyət daşıyır. Bugünkü tədbir isə  əzəli torpaqlarımızın tarixi və mədəni irsini bərpa etmək məsələlərinə bir daha elmi baxış sərgilədi. 
Sosioloji elmlər doktoru Əfqan Vəliyev ilk olaraq Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun salamlarını tədbir iştirakçılarına çatdırdı. O qeyd etdi ki, təqdimatı keçirilən “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsərində İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş, hazırda Azərbaycanın indiki ərazisində yaşayan azərbaycanlıların tarixi və maddi-mədəni irsi araşdırılıb. Digər iki cilddə olduğu kimi, Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanan “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsəri təkcə indiki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsinin miqyasını, statistikasını göstərməyə hesablanmamış, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri, onların pasportunu ortaya çıxarmağa, milli tariximizin yaddaşını yenidən bərpa etməyə cəhd edilmişdir. Əfqan Vəliyev Qərbi Azərbaycan İcmasının yaradılması və fəaliyyəti haqqında da məlumat verdi.
Cənab Prezidentin nitqində səsləndirdiyi strateji xətti əsas götürərək, Qərbi Azərbaycana qayıdışının ideoloji-siyasi konsepsiyasını və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq Sosial Tədqiqatlar Mərkəzi Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan tədqiq edilməsi istiqamətində tədqiqata başladı. Mərkəz tərəfindən dərin və gərgin tədqiqatların nəticəsi kimi ərsəyə gətirilən “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz (I cild)” əsəri 4 iyul 2022-ci ildə, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” (II cild) kitabı 6 noyabr 2023-cü ildə Azərbaycan ictimaiyyətinə təqdim edilmişdir. Bu istiqamətdəki fəaliyyətin nəticəsi və həmin institusional əsərlərin davamı olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı III cildi 11 mart 2025-ci ildə təqdim edildi.
 “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlanan III cilddə ilk dəfə 20 kateqoriya üzrə Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 12 qəbirüstü abidə, 7 qəbirüstü sənduqə abidə, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, 2 sərdabə, 3 etnoqrafık-arxeoloji abidə, 10 qəbirüstü heykəl, 4 arxeoloji abidə, 2 körpü, 5 daşüstü kitabə, 2 mədrəsə, 2 dini məktəb, 2 məhəllə, 14 qayaüstü təsvir və qədim yaşayış məskənləri və 4 bazilikanı əhatə edən 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verilib. Bunlardan 32 abidə dağıdılıb, 42 abidə xaraba qalıb, 70 abidə isə mənimsənilib.
144 abidənin tədqiq edilərək, müvafiq xüsusiyyətlərinə əsasən, təsnif olunduğu tədqiqat işində öz əksini tapan maddi-mədəni abidələrin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim, sonrakı toponim), təsnifatı, növü, təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür. Olduqca mühüm tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən tədqiqatın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və Yer üzündən silinməsi prosesinin bugünkü cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan verir. 
Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov Qərbi Azərbaycan torpaqlarına qayıdışın tarixi köklərinə nəzər saldı. Mayıl Alıcanov, ermənistan dövlətinin yaranmasının tarixi həqiqətlərini və 1828-ci il martın 21-də baş verən hadisələri diqqətə çatdırdı. O, qeyd etdi ki, ermənilərin Cənubi Qafqazda dövlət qurma cəhdləri, əsasən 1828-ci ildən sonra başlandı və bu proses Azərbaycan torpaqları üzərində formalaşmağa başladı. 1828-ci ilin martında, Rusiya ilə İran arasında imzalanan Turkmənçay müqaviləsi nəticəsində, Qərbi Azərbaycan ərazisi ermənilərin kütləvi şəkildə bu bölgəyə köçürülməsinə şərait yaratdı. Alıcanov, bu hadisələrin Azərbaycan xalqının ərazi bütövlüyü və milli irsinin qorunması məsələsində mühüm bir yer tutduğunu vurğuladı, çünki bu dövrdə erməni əhalisinin yerləşdirilməsi, əslində, ərazinin Azərbaycandan kənarlaşdırılması məqsədini güdürdü. Həmçinin qədim toponimlərimizin tarixdən silinməsi məsələsi digər mühüm faktlardan biridir.
Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan tədqiq olunması və təbliğ edilməsi tarixşünaslığımızda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmağa, milli yaddaşımızın bütövləşməsinə imkan yaradacaq, Vətən müharibəsindəki tarixi qələbə ilə ruhu oyanmış bugünkü və gələcək nəsillərin yaddaş bütövlüyü Qərbi Azərbaycana qayıdış yolunda maneələri aradan qaldıracaq. Digər iki cilddə olduğu kimi, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlanan III cildin də maddi-mədəni irs nümunələrini bir araya gətirməklə, ümumxalq ensiklopediyası kimi cəmiyyətimiz üçün də faydalı olacağına şübhə yoxdur. 
Sonda Qərbi Azərbaycanlı olan və Şamaxıda məskunlaşan İsmət Yusubov və Rahib Qasımov Qərbi Azərbaycana qayıdış istiqamətində ölkədə aparılan işlər, gənclərin maarifləndirilməsini yüksək qiymətləndirərək tədbirin təşkilatçılarını xüsusi təşəkkürlərini çatdırdılar. Uzun illər Qərbi Azərbaycanda yaşamış İsmək Yusubov bu torpaqlarda yetişmiş görkəmli şəxsiyyətlərin yaradıcılığına və tədqiqatlarına dair nümunələrdən danışdı.