Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub

2025-05-08 Baxış: 21
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib. Ölkə başçısı öz müsahibəsində Azərbaycan və Vyetnam arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin vəziyyətinə mühüm yer ayırıb. Dövlət başçısı müsahibəsində söyləyib ki, ölkəmiz ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir: “Əvvəlcə qeyd etmək istərdim ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.

Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər etməsi, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqına dəstək verməsi bu gün də Vyetnamda minnətdarlıqla xatırlanır. Ötən əsrdə Azərbaycan vyetnamlı mütəxəssislərin yetişdirilməsində də xüsusi rol oynayıb. Bakıda təhsil alan 2 mindən çox vyetnamlı tələbə müxtəlif sahələrlə yanaşı, Azərbaycanın neft hasilatı və emalı üzrə zəngin təcrübəsini öyrənərək Vyetnamda neft sənayesinin formalaşdırılmasında tətbiq ediblər. Sadalananlar Azərbaycan ilə Vyetnam arasında böyük dostluq körpüsünün təməlinin qurulmasında əhəmiyyətli rol oynayıb.

Bu gün Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Eyni zamanda, hər iki ölkənin nazirlik və digər qurumları arasında birbaşa əlaqələr qurulmuşdur. Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq da yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. 2013-cü ildən hazırkı zamanadək Vyetnam Milli Assambleyasında (Parlament) Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Respublikasının Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılmış, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası təsis edilmişdir. Həmçinin Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi yaradılmışdır. Qeyd olunan qurumlar Azərbaycanla Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verməkdədir.

Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, - deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.

Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

 

 Bayram Xudayarov,

 

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı,

YAP Hacıqabul rayon təşkilatının fəalı