S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında V Elm Festivalı keçirilib

2025-05-09 Baxış: 72
img

S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş V Şagird Elm Festivalı keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Gimnaziyanın direktoru İlqar Talıbov çıxış edərək bildirib:
“Ulu Öndər Heydər Əliyev həmişə təhsil və elmin inkişafını ölkənin gələcəyinin əsasını qoyan ən mühüm amil kimi dəyərləndirirdi. O, demişdi: «Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır.» Bu gün biz də həmin irsin davamçısı olaraq gələcəyin alimlərini və texnologiya liderlərini yetişdirmək üçün buradayıq. Festivalın məqsədi gənclərin yaradıcı potensialını ortaya çıxarmaq, elmi yaradıcılığını stimullaşdırmaqdır. Bu yanaşma, gələcəyin mühəndislərinin, alimlərinin və texnologiya liderlərinin yetişdirilməsi üçün son dərəcə əhəmiyyətlidir.”

Tədbirdə çıxış edən  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşunaslıq və Aqrokimya İnstitutu Torpaqların Meliorasiyası laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru Mustafa Mustafayev gimnaziyada keçirilən festivalın əhəmiyyətini vurğulayıb:
“Bu elm festivalı şagirdlərin elmi təfəkkür bacarıqlarını inkişaf etdirmək, elmə marağını artırmaq və gələcəyin alim və mühəndisləri kimi yetişdirmək üçün mühüm platformadır. Festival şagirdlərin elmi marağına təkan verir və onları maraqlı elm dünyasına yönəldir.”
Festival çərçivəsində təqdim edilən layihələr alimlərdən ibarət ekspertlər, yüksək ixtisaslı mütəxəssislər tərəfindən müxtəlif meyarlar əsasında qiymətləndirilib və qaliblər təltif olunub.

Gimnaziyanın istedadlı şagirdlərinin iştirakı ilə Ümummilli Liderin xatirəsinə həsr olunan bədii proqram nümayiş etdirilib.
Festivalda  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşunaslıq və Aqrokimya İnstitutunun  laboratoriya müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Könül Qafarbəyli,  Torpaqların Meliorasiyası laboratoriyasının elmi işçisi Fərid Mustafayev,  Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, SS Hazırlıq Mərkəzinin təsisçisi, fizika üzrə fəlsəfə doktoru Səidə Məmmədova, Fizika üzrə fəlsəfə doktoru, dosent Suma Hüseynova, Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşova, elmi işçilər Nazim Gəraylı, Şəms İmrani, Elm və Təhsil Nazirliyi akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov, MIE Azerbaijan( Microsoft Innovative Education) Azerbaijan, Global Research layihəsinin rəhbəri Elm və Təhsil sahibkarı Mehriban Məlikova,  Tərəqqi medallı biologiya müəllimi Camal Kərimov və digərləri iştirak edib.

Qaliblərə festivalın rəsmi tərəfdaşları Uğur reklam agentliyinin direktoru Kərim Musa, Libra kitab evinin direktoru Veysəl Məmmədov və redaktor Nicat Əliyev, Güvən nəşriyyatının rəsmisi Allahyar Adığözəlov, Evdərs təmsilçisi Anar Əliməmmədov, Online Learning Academy rəsmisi Ayaz Babayev, Ege dərshanələri rəsmisi Malik Məmmədov tərəfindən sertifikat, təhsil kuponları və qiymətli  hədiyyələr təqdim olunub.