Artıq Xankəndi beynəlxalq tədbirlər məkanıdır

Azərbaycanın
Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə
görüşü ölkəmiz üçün həm tarixi, həm də siyasi və iqtisadi baxımdan mühüm əhəmiyyət
daşıyır. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı dövlətimizin
regiondakı liderliyini, beynəlxalq nüfuzunu və postmüharibə dövründə formalaşan
yeni reallıqlar fonunda strateji xəttini bir daha nümayiş etdirdi.
Zirvə
görüşünün məhz Xankəndidə keçirilməsi strateji əhəmiyyətə malikdir. Xankəndi Azərbaycanın
qədim şəhərlərindən biri olmaqla yanaşı, uzun illər işğal altında olmuşdur.
İndi isə həmin şəhər beynəlxalq təşkilatların yüksək səviyyəli tədbirlərinə ev
sahibliyi edir. Bu, həm ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa
olunduğunu nümayiş etdirir, həm də beynəlxalq ictimaiyyətin artıq formalaşmış
reallıqları qəbul etdiyini təsdiqləyir. Faktlar bir daha sübut edir ki, Azərbaycan
təkcə hərbi-siyasi cəhətdən deyil, eyni zamanda diplomatik müstəvidə də ciddi
nailiyyətlər əldə etmişdir. ECO kimi nüfuzlu regional təşkilatın rəhbər şəxslərinin
və nümayəndələrinin Xankəndiyə səfəri ölkəmizin diplomatik səyləri, siyasi
sabitliyi və artan nüfuzunun təzahürüdür.
Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi bərpa və yenidənqurma
işləri, eyni zamanda, regional inteqrasiyanın möhkəmlənməsinə, yeni iqtisadi və
logistik əlaqələrin formalaşmasına zəmin yaradır. Azad edilmiş ərazilər artıq
sabitlik, inkişaf və əməkdaşlıq məkanıdır. ECO üzv ölkələri üçün bu ərazilərdə
yeni sərmayə və əməkdaşlıq imkanları yaranmaqdadır. Bu, həm regionun iqtisadi xəritəsinin
yenidən tərtib olunması, həm də türk və müsəlman dünyasını birləşdirən əməkdaşlıq
platformalarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Qarabağda
yaradılan “yaşıl enerji” zonası, “ağıllı şəhər” və “ağıllı kənd”, rəqəmsallaşma
və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi layihələri, ekoloji baxımdan
dayanıqlı iqtisadi modelin qurulması bu bölgəni bütövlükdə regionun inkişaf mərkəzinə
çevirir. Zirvə görüşündə diqqət çəkilən əsas məqamlardan biri də ölkəmizin nəqliyyat
və enerji sahəsində oynadığı aparıcı rolun önəminin vurğulanmasıdır. Prezident
İlham Əliyev bu məsələyə toxunaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin
Azərbaycan ərazisindən keçdiyini və ECO-ya üzv ölkələrin əksəriyyətinin bu dəhlizlərdən
istifadə etdiyini qeyd edib.
Həmçinin
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi
kimi mühüm təşəbbüslər ölkəmizin logistik mərkəzə çevrilməsinə səbəb olmuşdur.
Bu infrastruktur vasitəsilə Azərbaycan həm tranzit ölkəsi kimi çıxış edir, həm
də regionun enerji təhlükəsizliyinə, ticarət əlaqələrinin genişlənməsinə və
iqtisadi sabitliyə töhfə verir. Xüsusilə qeyd edilməlidir ki, dövlətimizin neft
və qaz ixracı üzrə həyata keçirdiyi layihələr Avropa və Asiya ölkələri üçün
mühüm enerji təminatı mənbəyidir. Bu, Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş
statusunu daha da gücləndirir.
Ölkəmizin
başçısı çıxışında Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyini xüsusi
vurğulayıb. Regionda dayanıqlı sülh qarşılıqlı hörmət, ərazi bütövlüyünün
tanınması və əməkdaşlığa əsaslanan yanaşmalarla mümkün ola bilər. Bu baxımdan
Xankəndidə keçirilən Zirvə görüşü yalnız diplomatik hadisə deyil, həm də
regionun gələcəyi üçün konstruktiv mesajdır. İnklüziv inkişaf, qarşılıqlı
etimad və əməkdaşlıq çərçivəsində formalaşan yeni regional düzən Azərbaycanın
uğurla reallaşdırdığı strateji xəttin məntiqi nəticəsidir. Ölkəmizin təşəbbüsləri
bu gün artıq real layihələrə çevrilmişdir.
Xankəndidəki
Zirvə görüşü Azərbaycanın diplomatik və strateji mövqeyinin möhkəmləndiyini təsdiq
edir. Ölkəmizin siyasi sabitliyi, güclü iqtisadiyyatı, regionda təşəbbüskar və
konsolidasiyaedici rolu onun lider statusunu daha da gücləndirir. Bu Zirvə
görüşü həm də göstərdi ki, Azərbaycanla əməkdaşlıq sabitliyə, inkişafa və birgə
rifaha aparan yoldur.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



