Azərbaycan sabitlik diyarı və böyük investisiyalar məkanı kimi nüfuz qazanıb

"Son
20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə
qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin
enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12
ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq.»
Dövlət başçısı İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində
keçirilən 17-ci Zirvə görüşündə onu da əlavə etdi ki, keçən il tarixdə ilk dəfə
olaraq ECO məkanında COP29 konfransı keçirildi. Bu konfransda 197 ölkə, 70 dövlət
və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə
yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və
Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə
razılaşmalardan ibarət olmuşdur.
Uğurlarımıza
yol açan əsas amillərdən biri Azərbaycanın sabitlik diyarı kimi nüfuz
qazanmasıdır. Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Bunun üçün
təkcə yaxşı investisiya iqliminin
olması şərt deyil. Bu fakt inkaredilməzdir ki, Azərbaycan daim yerləşdiyi
coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın marağında olub. Bu
marağın müxtəlif dövrlərdə fərqli olması də məlumdur. Müstəqilliyimizin bərpasının
ilk illərində Azərbaycanda
ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin
qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb
olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin
deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra ölkəmizdə
sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu
tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə
ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki,
investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə
tam əmin ola bilərlər.
Dövlət
başçısı İlham Əliyev Xankəndi Zirvə görüşündəki çıxışında azad edilmiş ərazilərimizdə
geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs etdi. «Hazırda işğaldan azad
edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri
aparılır» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, indi Azərbaycan Ermənistanın
xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Böyük
Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi
köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən
çox insan yaşayır, çalışır və təhsil alır.
İqtisadi
Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşü Azərbaycanın, eyni zamanda, digər
üzv dövlətlərin malik olduqları iqtisadi imkanların təqdimatında əhəmiyyətli
rol oynadı. Bu mühüm məqamı xüsusi qeyd etmək kifayətdir ki, Zirvə görüşü çərçivəsində
ölkə liderlərinin Qarabağda görülən işlərlə, həmçinin bölgənin malik olduğu
imkanlarla yaxından tanışlığı əməkdaşlığın gələcək inkişafı üçün böyük stimul oldu. Reallıq budur ki, Azərbaycanın
İqtisadi Əməkdaşlıq Təşkilatında
iqtisadi təşəbbüsləri və regional liderlik mövqeyi ölkənin artmaqda olan
iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti
fonunda xüsusi əhəmiyyət qazanır. Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat
və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın
dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan
xüsusi əhəmiyyət kəsb edir. ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı
coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir.
Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini
daha da səmərəli edir.
Azərbaycanın
sabitlik diyarı, böyük investisiyalar məkanı kimi nüfuz qazanması iqtisadi əlaqələrin qurulmasında və yeni
prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır.Azərbaycan, eyni zamanda,
qlobal nəqliyyat qovşağı kimi də
dünyanın diqqətindədir. Ölkəmizin iştirakçısı olduğu mühüm enerji və nəqliyyat
layihələri yeni körpülərin yaradılmasını şərtləndirən mühüm amillərdəndir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü bu uğurlarımıza yeni əlavələr edəcək.
Bayram
Xudayarov
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, YAP-ın fəal üzvü, "Heydər
Əliyev məktəbinin davamçıları" Facebook qrupunun təsisçisi və rəhbəri.
Digər xəbərlər



