Qələbəyə aparan yolun izi ilə: Zəfər Günü – Azərbaycanın şanlı tarixi

2025-11-08 Baxış: 11
img

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış möhtəşəm tarixdir. Bu gün yalnız hərbi qələbə deyil, həm də milli iradənin, birliyin, dövlətçilik düşüncəsinin, uzun illərin mübarizəsinin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi, “Hər birimiz azadlıq gününü öz işimizlə yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”

İşğal dövründə dövlətimizin qarşısında duran əsas vəzifə torpaqlarımızın azad olunması idi. Bu məqsədlə illər boyu həyata keçirilən siyasi, iqtisadi və hərbi strategiyalar Azərbaycanın qüdrətini artırdı. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən apardığı məqsədyönlü siyasət ölkəmizi regionun ən güclü dövlətinə çevirdi. O, bu barədə qeyd edib: “Prezident kimi bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Bütün məqsədimiz bir idi – torpaqlarımızı azad etmək və biz buna nail olduq.”

Vətən müharibəsinin başlanğıcı ilə “İrəli!” əmri təkcə ordumuza deyil, bütün xalqımıza səsləndirilmiş bir çağırış idi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəlilədi, hər addımı ilə tarixi ədaləti bərpa etdi. Ali Baş Komandanın dediyi kimi, “Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində öz qüdrətini göstərdi.”

Bu qələbə təkcə silah gücü ilə deyil, həm də milli həmrəylik və siyasi birlik sayəsində qazanıldı. Müasir Azərbaycanın formalaşmış vətəndaş cəmiyyəti, vətənpərvər gəncliyi, güclü iqtisadiyyatı bu qələbənin ideoloji dayaqlarına çevrildi. Prezident İlham Əliyev bu barədə bildirib: “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi və dünyada rolu artır.”

Qələbədən sonra başlanan bərpa və quruculuq prosesi Azərbaycanın yeni inkişaf mərhələsini müəyyənləşdirdi. Azad edilmiş torpaqlarda həyat yenidən canlanır, şəhərlər, kəndlər, yollar və mədəniyyət ocaqları dirçəlir. Prezidentin sözləri ilə desək, “Azərbaycanın quruculuq missiyası başlanır. Azad edilmiş torpaqlara həyat qayıdacaq.”

Eyni zamanda, dövlət şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərir. DOST xidmətinin Qarabağda fəaliyyətə başlaması bu qayğının əyani göstəricisidir. Prezident İlham Əliyev vurğulayıb: “Vətən uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.”

Bu gün Azərbaycan xalqı Zəfər Gününü böyük qürurla qeyd edir. Çünki bu Qələbə sadəcə bir müharibənin sonu deyil – ədalətin, milli iradənin və dövlət müdrikliyinin təntənəsidir. Müzəffər Ali Baş Komandanın sözləri ilə desək, “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.”

 

           Aytən İmanova

           YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin Direktoru.