Zəfər Günü – Millətin Qüruru və Tarixin Qələbəsi

Bu
il xalqımızın şanlı Zəfərinin 5-ci ildönümüdür. Beş il əvvəl – 2020-ci ilin
payızında Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri yazıldı. 44 gün
davam edən Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqlarımız azad
edildi, ərazi bütövlüyümüz bərpa olundu, xalqımız illərlə həsrətində olduğu qələbə
sevincini yaşadı. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi bu mübarizənin
zirvəsi, Zəfərin rəmzinə çevrildi. Həmin gün Prezident İlham Əliyevin “Şuşa
indi azaddır! Biz Şuşaya qayıtmışıq!” sözləri xalqımızın yaddaşına qızıl hərflərlə
yazıldı.
Bu
Zəfər təkcə hərbi uğur deyildi – xalqın birliyinin, dövlətin iradəsinin və
milli ruhun parlaq təntənəsi idi. Azərbaycan Ordusu 44 gün ərzində həm döyüş
meydanında, həm də mənəvi cəbhədə öz əzmini, intizamını və gücünü nümayiş
etdirdi. Bu müharibə sübut etdi ki, müstəqil, güclü və ədalətli dövlət öz
torpaqlarını azad etmək, haqqını bərpa etmək qüdrətinə malikdir.
8
noyabr 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Zəfər
Günü elan olundu. O vaxtdan etibarən bu tarix hər il böyük təntənə ilə qeyd
olunur. Analitiklər haqlı olaraq bildirirlər: “Azərbaycan müstəqil şəkildə
müharibə aparıb qalib gələn nadir dövlətlərdəndir.” Bu, həm tarixi fakt, həm də
milli kimliyimizin elmi-publisistik ifadəsidir.
Beş
il sonra – bu gün, Zəfərin nəticələri təkcə xatirələrdə deyil, reallıqda da
görünür. Azad edilmiş torpaqlarda həyat yenidən canlanır, şəhərlər bərpa
olunur, mədəni irsimiz dirçəldilir. Hər tikilən ev, hər açılan məktəb, hər
yenilənən yol o böyük Qələbənin davamıdır.
Zəfər
Günü bu gün həm keçmişin qüruru, həm də gələcəyin inamıdır. O, bizə göstərir
ki, milli birlik və dövlətçilik ruhu qorunduğu müddətcə Azərbaycan daha böyük
uğurlara imza atacaq.
Beş
il əvvəl yazılan bu Qələbə dastanı bu gün də xalqımıza qürur, güvən və ümid
aşılayır. Zəfərimiz əbədi, gələcəyimiz işıqlı olsun!
Hökmalı Mirzəyev
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini
Digər xəbərlər



