Azərbaycanın milli maraqlarını tam təmin edən xarici siyasət.

Azərbaycanın
bugünkü xarici siyasətinin bütün istiqamətləri hamıya məlumdur. Heç kəsə sirr
deyil ki, dövlətimiz və dövlət başçımız Heydər Əliyev siyasi kursunu davam
etdirərək, bu kursun əsas tərkib hissələrindən olan xarici siyasətdə konkret
mövqe nümayiş etdirir. Həmin mövqe bundan ibarətdir: ölkənin ərazi bütövlüyünün
bərpa edilməsi, müstəqil dövlət siyasəti yeridilməsi və nəhayət, təbii sərvətlərdən
respublikanın inkişafı, xüsusən, milli maraqların təmin edilməsi məqsədiylə
istifadə olunması.
Həm
daxili, həm də xarici ekspertlər qətiyyətlə söyləyirlər ki, Azərbaycanın xarici
siyasəti region ölkələri arasında ən uğurlu siyasətdir. Çünki bu siyasət müstəqil
Azərbaycana təkcə regionumuzda və postsovet məkanında deyil, eləcə də bütün
dünyada özünəməxsus nüfuz qazandırmışdır.
Bu
gün dünyada elə bir beynəlxalq təşkilat yoxdur ki, Azərbaycan orada konkret və
cəsarətli təkliflərlə çıxış etməsin və ya rəsmi Bakının təşəbbüsləri cavabsız
qalsın. Xüsusilə regiondakı beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin
reallaşdırılması məsələsində Azərbaycan özünəməxsus söz sahibinə çevrilmişdir.
Bunun bir neçə səbəbi vardır. Əvvəla, Azərbaycan 1993-cü ilin yayından sonra
müstəqil dövlət siyasəti yeritməyin nümunəsini yaratmışdır. Bəzi gənc müstəqil
dövlətlər xarici siyasətdə "gah nala, gah mıxa" döydükləri zaman Azərbaycan
ortaya konkret siyasi mövqe qoymuşdu.
Müəllifi
Ulu Öndər Heydər Əliyev olan həmin mövqe ondan ibarət idi ki, biz işğalçı Ermənistan
istisna olmaqla (yeri gəlmişkən, həm ulu öndərin özü, həm də Prezident İlham
Əliyev dəfələrlə vurğulayıblar ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən
və qaçqın-köçkünlər öz yurd-yuvalarına qaytarıldıqdan sonra biz Ermənistanla da
bütün sahələrdə əməkdaşlığı bərpa edə bilərik) dünyanın bütün ölkələri və bütün
beynəlxalq təşkilatlarla bərabərhüquqlu şəkildə, hərtərəfli əməkdaşlığa
hazırıq.
Azərbaycan
heç bir ölkənin daxili işlərinə qarışmır və heç bir ölkənin bizim daxili işlərimizə
müdaxiləsinə imkan verməyəcəkdir. Azərbaycan istənilən ölkə ilə qurduğu siyasi,
iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı öz xalqının və dövlətinin
maraqları çərçivəsində davam etdirəcəkdir. Sadaladığımız bu siyasi istiqamətlərin
ardıcıllıqla və qətiyyətlə icra edilməsi gənc müstəqil Azərbaycana beynəlxalq
aləmdə yetərincə nüfuz və hörmət qazandırmışdır. Hansısa xarici ölkənin vassalı
kimi mövcud olan, kiminsə təbəəliyində yaşamağı şərəf sayan Ermənistan isə nəinki
dünya siyasətçilərinin, hətta beynəlxalq aləmdəki erməni diaspor təşkilatlarının
da gözündən düşmüş, özü haqqında "oyuncaq dövlət" obrazı
formalaşdırmışdır.
İkinci,
Azərbaycanın geosiyasi əhəmiyyəti, Avropa ilə Asiyanı, Şərqlə Qərbi birləşdirən
tarixi iqtisadi əməkdaşlıq yolunun üstündə yerləşməsi, xüsusən, Orta Asiyadan gələn
yolların Xəzər dənizi vasitəsiylə Avropaya çıxışını təmin elə bilməsi bu ölkəyə
beynəlxalq əhəmiyyətli subyekt statusu vermişdir. Təsadüfi deyil ki,
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri, eləcə də
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi son 15 ildə Azərbaycanın beynəlxalq əhəmiyyətini
birə yüz artırmışdır. Bu layihələr nəinki Azərbaycanı Avropa ölkələrinin enerji
təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli ölkələrdən birinə çevirmişdir,
hətta min kilometrləri əhatə edən Şanxay- London iqtisadi əməkdaşlıq yolunun
reallığa çevrilməsinə də zəmin yaratmışdır.
Üçüncü,
Ermənistan başda olmaqla bir çox gənc müstəqil dövlətlərdə (yeri gəlmişkən,
müstəqilliyin ilk illərində Azərbaycan da o sırada idi) ölkəyə beynəlxalq siyasətdən
və dünya idarəçilik prinsiplərindən bixəbər olan siyasətçilər rəhbərlik ediblər.
Çox təəssüf ki, Ermənistanda həmin tendensiya hələ də davam edir. Azərbaycanda
isə 1993-cü ilin yayından sonra ölkəyə ən ali bəşəri dəyərlər səviyyəsində
siyasi kurs yeridən Heydər Əliyev və onun siyasətini ardıcıllıqla davam etdirən
İlham Əliyev rəhbərlik ediblər.
Bu,
çox önəmli məsələdir. Çünki bu gün dünya ictimaiyyəti separatçılığı, dini,
etnik ayrı-seçkiliyi, şovinizmi, militarizmi, terrorçuluğu qəbul etmir.
Ermənistanda
bu gün həmin halların hamısı mövcuddur. Azərbaycan isə tolerantlığın, dini
dözümlülüyün, milli azlıqların ölkədə bərabərhüquqlu vətəndaş kimi yaşamasının,
qarşılıqlı etimadın, mehriban qonşuluğun, daxili siyasətdə ədalətin, xarici
siyasətdə isə qətiyyətin bariz nümunəsini yaratmışdır. Bütün bunlar beynəlxalq
aləmdə hamının xüsusi əhəmiyyət verdiyi məqamlardır.
Məhz
bu məqamlara görə Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilir. Çünki bu
ölkənin konkret siyasi mövqeyi, kəsərli lideri və zəngin təbii sərvətləri
vardır. Məhz bu səbəbləri əsas götürən istənilən dövlət Azərbaycanla
siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsinə can atır və buna nail olur.
Dünyanın
əksər ölkələrinin Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verməsinin
daha bir səbəbi isə ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik
olmasıdır. Heydər Əliyev siyasi dühasının məhsulu olan "Əsrin müqaviləsi",
həmin müqavilədən sonra imzalanan 30-a qədər digər sazişlər, əsas ixrac neft və
qaz kəmərləri, neft-qaz ixracatının şaxələndirilməsi, Avropanın bütün ölkələrinin
bu məsələyə böyük maraq göstərməsi və bu qəbildən olan bir çox məsələlər barədə
ətraflı söz açmağa ehtiyac yoxdur. Önəmlisi odur ki, ölkəmizin neftinə və
qazına maraq gündən-günə artır. Hələ ötən ilin dekabrında dünyanın kütləvi
informasiya vasitələri yazırdılar ki, Hindistan şirkətlərinə aid gəmilər
Bakı-Ceyhan kəməri ilə nəql olunan neftlə doldurularaq Aralıq dənizindən yola
düşmüşlər. Bu gün isə artıq Hindistanın şirkətləri deyil, dövlətin özü Azərbaycanla
neft sektorunda müəyyən sazişlər imzalamaq təklifi ilə çıxış edir.
Kütləvi
informasiya vasitələri xəbər verirlər ki, Hindistanın Azərbaycandakı səfiri
Debnat Şou iyulun 28-də azərbaycanlı mətbuat təmsilçiləri ilə görüşərkən deyib
ki, Dehli Azərbaycanla ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil və digər
sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır: "Ancaq bizi daha çox Azərbaycanla
neft-qaz sahəsində müəyyən müqavilələrin imzalanması maraqlandırır".
Bir
sözlə, Azərbaycanın xarici siyasəti gənc müstəqil dövlətimizə beynəlxalq aləmdə
böyük nüfuz qazandırır. Neft diplomatiyamız isə bu nüfuzun coğrafiyasını genişləndirir.
Yəni Azərbaycanın sözünü deyən, istənilən problemin müzakirəsi zamanı Bakının
mövqelərini dəstəkləyən ölkələrin siyahısı gündən-günə genişlənir.
Bəxtiyar
Ələkbərov,
YAP Hacıqabul rayon təşkilatının
ərazi partiya təşkilat sədri, Şirvan-Salyan
RTİ-nin Hacıqabul
rayonu üzrə Təhsil Sektorunun müdiri.
Digər xəbərlər



