Milli həmrəylik xalqımızın və dövlətimizin ən böyük sərvətidir

"31 dekabr-Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları
üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bayram dünyanın 70-dən
çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar
arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
1991-ci
il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər
Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik
bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı
qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə
müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli
Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü elan olunması barədə qanun qəbul edib.
Dünya
azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində
saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə
və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.
Həmrəylik
günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə
bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları
ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol
oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə
verirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost
xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli
tədbirlər həyata keçirirlər.
İlk
dəfə dünya azərbaycanlılarının I Qurultayı 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində
keçirilmişdir. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə,
müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının
artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat,
dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük
iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
kəlamı isə dillər əzbərinə çevrilib.
Qurultaydan
sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə
xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda
Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə
soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının
milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.
Prezident
İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir, xaricdə
yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan
dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya
qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda
milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha
sıx səfərbər olmalarına böyük töhfə verir.
44
günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali
Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha
nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar
da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər.
Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



