Qarşıdakı onilliklər ərzində təbii qaz enerji təhlükəsizliyinin əsasını təşkil edəcək

Bakıda
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji
Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları qlobal enerji gündəliyinin
ən aktual məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi diqqət çəkir.
Prezident İlham Əliyevin çıxışı isə bu platformanın artıq regional təşəbbüs
deyil, geniş coğrafiyanı əhatə edən strateji enerji mexanizminə çevrildiyini
bir daha nümayiş etdirir.
Enerji
təhlükəsizliyi məsələlərinin məhz dialoq və qarşılıqlı etimad mühitində müzakirə
olunması bugünkü mürəkkəb beynəlxalq şəraitdə daha aydın şəkildə öz əhəmiyyətini
göstərir. Son 12 ilin təcrübəsi sübut edib ki, birgə səylər nəticəsində ən çətin
ssenarilər belə real nəticələrlə əvəzlənə bilər.
Prezident
İlham Əliyevin çıxışında səsləndirdiyi əsas məqamlardan biri qaz ixracının
coğrafiyasının sürətlə genişlənməsi olub. Artıq 16 ölkə Azərbaycan qazının
istehlakçısına çevrilib. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin
sayına görə dünya miqyasında ön sıralarda yer almaq həyata keçirilən enerji
strategiyasının uğurlu nəticəsidir. Xüsusilə Avropa bazarında mövcudluğun
genişləndirilməsi mühüm önəm kəsb edir. Almaniya və Avstriyaya qaz tədarükünə başlanılması
ilə Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Bu
amillər enerji təhlükəsizliyi baxımından mühüm alternativ mənbə
formalaşdırmaqla yanaşı, uzunmüddətli tərəfdaşlıq modelini də möhkəmləndirir.
Lakin artan tələbat mövcud infrastrukturun genişləndirilməsini zəruri edir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Cənub Qaz Dəhlizi artıq tam
yüklənmiş vəziyyətdədir: “Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə
alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və
interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə
çatdırmaqdır”.Məşvərət Şurası çərçivəsində müzakirə olunan əsas istiqamətlərdən
biri də yaşıl enerji keçididir. Prezident İlham Əliyev bildirib ki, Bir neçə layihə
artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri
ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Regionun ən
böyük – 240 meqavat gücündə külək elektrik stansiyası “ACWA Power” tərəfindən
inşa edilərək istifadəyə verilib. 2023-cü ildə isə “Masdar” şirkəti 230 meqavat
gücündə günəş elektrik stansiyasını istismara verib. Bu layihələr enerji
balansında alternativ mənbələrin payını əhəmiyyətli dərəcədə artırır.
Burada
diqqət çəkən məqamlardan biri dövlət və özəl sektorun sinerjisidir. SOCAR ilə
yanaşı, özəl şirkətlərin də alternativ enerji layihələrinə investisiya
yatırması bazarın perspektivliyini göstərir. Yaşıl enerjinin ixracı üçün
ötürücü infrastrukturun qurulması prioritet istiqamətlərdəndir. Azərbaycandan Avropaya
Qara dənizin dibi ilə uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan ölkəmizə
enerji ötürülməsini nəzərdə tutan layihələr artıq müqavilə mərhələsindədir.
Layihələrdən birində iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digərində
isə proses davam edir. Bu təşəbbüslər yalnız enerji layihəsi deyil, eyni
zamanda yeni geoiqtisadi xəritənin formalaşdırılması deməkdir. Gələcəkdə bu
enerji dəhlizləri bir çox dövlətlər üçün ekzistensial əhəmiyyət daşıyacaq
strateji infrastruktura çevriləcəkdir. Bakıda keçirilən bu iclaslar bir daha
sübut edir ki, Cənub Qaz Dəhlizi təşəbbüsü artıq regional layihə deyil, qlobal
enerji təhlükəsizliyinin mühüm komponentlərindən biridir. Eyni zamanda, yaşıl
enerji gündəliyinin paralel şəkildə inkişafı enerji siyasətində balanslı və
uzaqgörən yanaşmanın göstəricisidir. Prezident İlham Əliyevin çıxışı isə göstərdi
ki, enerji strategiyası yalnız bugünkü tələbatın qarşılanmasına deyil, gələcək
onilliklərin təhlükəsizlik və dayanıqlılıq çağırışlarına cavab verməyə
hesablanıb.
Pərvanə
Səfərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.
Digər xəbərlər



