Azərbaycanla Gürcüstan arasındakı genişmiqyasılı tərəfdaşlıq region üçün ən uğurlu nümunədir

Prezident İlham Əliyevin aprelin 6-da Tbilisiyə səfərini,
burada Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze
ilə keçirilən görüşlərini Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında
yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Sözügedən səfərdə aparılan
danışıqlar ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik,
iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya layihələrinin perspektivlərini
də geniş şəkildə əhatə edib.
Bu,
bir həqiqətdir ki, Cənubi Qafqazda siyasi sabitliyin, iqtisadi inkişafın və
regional əməkdaşlığın təmin olunmasında Azərbaycan-Gürcüstan münasibətlərinin
önəmi daha böyükdür. Məhz həmin münasibətlər uzun illərdir
qarşılıqlı etimad, ortaq maraqlar və strateji tərəfdaşlıq prinsipləri əsasında
inkişaf edir. İndi Azərbaycanla Gürcüstan arasında mövcud olan isti
münasibətlər region üçün ən uğurlu nümunələrdən biridir.
Qeyd
edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın
Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki
liderin mətbuata bəyanatları zamanı səsləndiridikləri fikirlər də bir daha təsdiq
edir ki, iki qonşu ölkə arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə
daha da genişlənəcəkdir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan
ilə Gürcüstan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və ölkələrimiz
bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. Bu yanaşma
regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
Bu,
bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici
siyasət nəticəsində Azərbaycan bu gün regionun əsas güc mərkəzinə çevrilib. Azərbaycan
dövləti beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, söz sahibi olan
dövlət kimi mövqeyini daha da gücləndirib. Respublikamızın
balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində
region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq hər il daha da genişlənir.
Bir sözlə, Prezident İlham Əliyevin qlobal geosiyasi manevrləri sayəsində Azərbaycan
beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib. Bu fakt
isə respublikamızın geosiyasi mövqelərin möhkəmlədib və nüfuzunu daha da
artırıb.
Prezident
İlham Əliyev mətbuata bəyanatında Orta Dəhlizin əhəmiyyətinə də xüsusi diqqət çəkib.
Vurğulayıb ki, hazırda Avropa ilə Asiyanı birləşdirən marşrut üzrə
yükdaşımaların həcmi artıb. Bu isə Azərbaycan-Gürcüstan əməkdaşlığının həmin
sahədə həlledici rol oynadığının göstəricisidir.
Tbilisiyə
səfər çərçivəsində regional təhlükəsizlik və sülh məsələlərinin müzakirə
olunması Azərbaycanın regional güc və təşəbbüskar dövlət kimi çıxış
etdiyini təsdiqləyir. Ölkəmizin rəhbəri Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına
çevrilməsi ilə bağlı fikirləri isə Azərbaycanın regionda sabitliyin
formalaşmasında aparıcı rol oynadığını sübut edir. Xüsusi vurğulamaq lazımdır
ki, hazırda Bakı və Tbilisi münasibətləri yalnız iki ölkənin maraqlarına xidmət
etmir. Bu həm də iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsindən əlavə,
regional sabitliyin güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə
yardım edir. Sözügedən tərəfdaşlıq ümumilikdə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin
və inkişafın əsas təminatlarından biri hesab olunur.
Prezident
İlham Əliyevin bu səfəri bir daha sübut etdi ki, Azərbaycan xarici siyasətində
sabit, etibarlı və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə daim sədaqətlə
yanaşıb. Səfər çərçivəsində keçirilən görüşlər və səsləndirilən bəyanatlar Azərbaycan–Gürcüstan
münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha göstərdi.
İsmayl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



