Azərbaycan–Gürcüstan münasibətləri uğurlu tərəfdaşlıq modelidir

Azərbaycan
və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin suverenliyi və
ərazi bütövlüyünü daim dəstəkləməsi münasibətlərin strateji səviyyəsini təsdiqləyən
əsas amillərdəndir.
Bu
qarşılıqlı dəstək regional sabitliyin qorunmasına və beynəlxalq arenada mövqelərin
gücləndirilməsinə xidmət edir.
İkitərəfli
münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanaraq region
üçün nümunəvi model kimi təqdim edilir. Prezident İlham Əliyevin aprelin 6-da
qonşu ölkəyə dövlət səfəri, liderlərin mətbuata birgə bəyanatında xüsusi yer
tutan məsələlərdən biri iqtisadi əməkdaşlıq idi. Gürcüstanda mövcud olan əlverişli
investisiya mühiti Azərbaycan kapitalının bu ölkəyə yönəlməsini stimullaşdırır.
Gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi
perspektivi Bakı-Tbilisi tandeminin regional iqtisadi aktor kimi rolunu daha da
gücləndirə bilər.
Prezident
İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri Cənubi Qafqazda
formalaşan yeni geosiyasi reallıqlarla bağlıdır. Dövlət başçısı artıq münaqişə
məkanından əməkdaşlıq və sabitlik zonasına çevrildiyini qeyd edərək, bu
imkanların dəyərləndirilməsinin vacibliyini vurğuladı. Burada region ölkəsi
kimi Gürcüstanın rolu xüsusi qeyd olunur. Xüsusilə Azərbaycanla Ermənistan
arasında ticarətin Gürcüstan üzərindən həyata keçirilməsi bu ölkənin regional
sabitlik və iqtisadi inteqrasiyada effektiv vasitəçi rolunu göstərir. Görünən
budur ki, Azərbaycanın enerji siyasəti və Gürcüstanın tranzit imkanları
regionun qlobal əhəmiyyətini artıran əsas faktorlardandır. Cənub Qaz Dəhlizi,
Bakı-Tbilisi-Ceyhan kimi layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi
baxımdan mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Orta Dəhliz layihəsi iki
ölkəni Avropa ilə Asiya arasında əsas nəqliyyat körpüsünə çevirir. Azərbaycan
Prezidentinin də qeyd etdiyi kimi, bu dəhliz artıq "əsas nəqliyyat
damarı" funksiyasını daşıyır və onun genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Orta Dəhliz layihəsi çərçivəsində həyata keçirilən infrastruktur layihələri - dəmir
yolları, limanlar və logistika mərkəzləri Azərbaycan və Gürcüstan
iqtisadiyyatına ciddi töhfələr verir. Bu layihələr yeni iş yerlərinin
yaradılmasına, biznes mühitinin yaxşılaşmasına və xarici investisiyaların
artmasına səbəb olur. Bir sözlə, Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstanın
beynəlxalq arenadakı rolunu əhəmiyyətli dərəcədə gücləndirir. Bu ölkələr yalnız
region daxilində deyil, həm də Avrasiya məkanında mühüm tərəfdaş kimi qəbul
olunur. Layihə çərçivəsində qurulan əməkdaşlıq platformaları siyasi dialoqu
genişləndirir və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Xüsusilə,
Bakı-Tbilisi-Qars dəmir yolu kimi təşəbbüslər regionun logistika potensialını
artıraraq, onu beynəlxalq investorlar üçün daha cəlbedici edir. Prezident İlham
Əliyevin Tbilisidə səsləndirdiyi fikirlər Azərbaycan-Gürcüstan münasibətlərinin
yalnız mövcud vəziyyətini deyil, həm də gələcək prioritetlərini ortaya qoyur.
Dostluq prinsiplərinə əsaslanan bu münasibətlər iqtisadi, siyasi və strateji
maraqlar əsasında möhkəmləndirilir. Beləliklə, Azərbaycan və Gürcüstan arasında
formalaşmış əməkdaşlıq modeli regionda sabitliyin, inkişafın və qarşılıqlı
faydalı tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi çıxış edir. Keçirilən
görüşlər və verilən bəyanatlar göstərir ki, tərəflər qarşılıqlı maraqlara əsaslanan
əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdırlar. Bu isə yalnız iki ölkə üçün
deyil, bütövlükdə region üçün mühüm strateji əhəmiyyət daşıyır.
Dövran
Həsənov
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, Hacıqabul Mərkəzi
Rayon Kitabxanasının direktoru
Digər xəbərlər



