Alim ömrü - nur saçan ömür yolu

Aprelin
15-i Azərbaycan tibb elminin parlaq siması, görkəmli oftalmoloq-alim, akademik
Zərifə xanım Əliyevanın anım günüdür. Onun ömür yolu yüksək intellekt, dərin
bilik və insanlara sonsuz sevgi ilə yoğrulmuş bir fədakarlıq nümunəsidir.
Zərifə
xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya səviyyəsinə yüksəldən nadir
şəxsiyyətlərdəndir. Alimin elmi fəaliyyəti çoxşaxəli olub, xüsusilə görmə
orqanının patologiyası və traxomanın müalicəsi sahəsində fundamental yeniliklərə
imza atmışdır. Onun peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərini öyrənən
tədqiqatları tibb elmində yeni bir istiqamətin əsasını qoymuşdur. Bu gərgin əməyin
nəticəsi kimi, Zərifə xanım 1976-cı ildə Moskvada "Azərbaycanın bir sıra
kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda
doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Onun elmi nailiyyətləri
beynəlxalq miqyasda da yüksək qiymətləndirilmiş və o, oftalmologiya sahəsindəki
dəyərli araşdırmalarına görə M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı
qadın alim kimi tarixə düşmüşdür.
Lakin
Zərifə xanımı xalqın gözündə ucaldan təkcə onun elmi dərəcələri deyil, həm də
sonsuz humanizmi və ictimai fəaliyyəti idi. O, kimsəsiz uşaqlara, valideyn
himayəsindən məhrum körpələrə hər zaman doğma anası kimi qayğı göstərir,
onların sağlamlığı və gələcəyi üçün var gücü ilə çalışırdı. Bir ictimai xadim
kimi Azərbaycan Sülhü Müdafiə Komitəsindəki fəaliyyəti onun humanist prinsiplərinin
parlaq təzahürü idi. 2023-cü ildə akademik Zərifə Əliyevanın 100 illik
yubileyinin dövlət səviyyəsində qeyd olunması onun həm bir alim, həm də bir şəxsiyyət
kimi Azərbaycan tarixindəki əvəzsiz yerinin təsdiqi oldu.
Bu
böyük şəxsiyyətin həm ailədəki, həm də həyatdakı rolu ən uca zirvələrdə dayanırdı.
Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, onun dövlət işindəki
uğurlarında və ailəsində yaranmış yüksək mənəvi mühitdə Zərifə xanımın rolu əvəzsiz
olmuşdur: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi
mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul
olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə
xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə
yerinə yetirib”.
Onun
mənəvi ucalığı və məğrurluğu ömrünün son anlarına qədər dəyişməz qaldı.
Prezident İlham Əliyevin xatirələrində qeyd etdiyi kimi, Zərifə xanım ömrünün
son günlərində belə özündən çox ətrafındakıları düşünür, ölümü böyük bir sükut
və məğrurluqla qarşılayırdı: “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım
bilirdi ki, ömrü sona çatır... Onu narahat edən, onsuz qalacaq adamlar idi.
Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. O, çox gözəl başa
düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq
yaxşılıqdır”.
Bu
gün akademik Zərifə Əliyevanın nurlu xatirəsi onun qoyub getdiyi elmi irsdə, şəfa
verdiyi minlərlə insanın sevincində və xalqımızın qəlbində əbədi olaraq
yaşayır.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini
Digər xəbərlər



