Aqroparklar Azərbaycanın müasir kənd təsərrüfatı modelinin uğurlu nəticəsidir.

2026-06-02 Baxış: 131
img

Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması və regionların iqtisadi potensialının gücləndirilməsi müasir dövrdə dövlətlərin qarşısında duran əsas vəzifələrdəndir. Qlobal iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik kənd təsərrüfatında yeni yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan aqrar sahədə innovasiyaların təşviqi, müasir texnologiyaların tətbiqi və resurslardan səmərəli istifadə dayanıqlı inkişafın əsas şərtlərindən biri kimi çıxış edir.

Azərbaycanda son illər həyata keçirilən məqsədyönlü aqrar siyasət nəticəsində kənd təsərrüfatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, müasir infrastrukturun yaradılması, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının artırılması və innovativ təsərrüfatçılıq modellərinin tətbiqi aqrar sektorun inkişafına mühüm təkan verib. Bu uğurların əldə olunmasında aqroparkların yaradılması xüsusi əhəmiyyət daşıyır.

Aqroparklar müasir kənd təsərrüfatının ən uğurlu idarəetmə modellərindən biri hesab olunur. Bu təsərrüfat forması istehsal, emal, logistika və satış zəncirini vahid sistemdə birləşdirərək yüksək məhsuldarlığın və səmərəliliyin təmin edilməsinə xidmət edir. Eyni zamanda, aqroparklar torpaq və su resurslarından daha rasional istifadə olunmasına, müasir suvarma sistemlərinin tətbiqinə, innovativ texnologiyaların geniş yayılmasına və kənd təsərrüfatında əlavə dəyərin artırılmasına imkan yaradır.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də bu sahənin strateji əhəmiyyətini bir daha ortaya qoydu. Dövlət başçısı çıxışında aqroparkların yaradılmasının kənd təsərrüfatının inkişafında çox böyük rol oynadığını vurğuladı. Bu fikir Azərbaycanda həyata keçirilən aqrar siyasətin uğurlu nəticələrinin mühüm göstəricilərindən biridir.

Aqroparkların fəaliyyəti kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə və istehsalın genişlənməsinə əhəmiyyətli təsir göstərir. Müasir texnologiyaların tətbiqi sayəsində daha az resurs sərf etməklə daha yüksək nəticələrin əldə olunması mümkün olur. Xüsusilə su ehtiyatlarının məhdudlaşdığı və iqlim dəyişikliklərinin təsirlərinin artdığı bir dövrdə aqroparkların üstünlükləri daha aydın şəkildə özünü göstərir. Bu təsərrüfatlarda tətbiq edilən müasir suvarma sistemləri və innovativ idarəetmə mexanizmləri kənd təsərrüfatının dayanıqlığını gücləndirən əsas amillərdəndir.

Aqroparkların digər mühüm üstünlüyü regionların sosial-iqtisadi inkişafına verdiyi töhfədir. Belə təsərrüfatların yaradılması yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və kənd yerlərində iqtisadi fəallığın artmasına şərait yaradır. Bununla yanaşı, aqroparklar kənd təsərrüfatında ixtisaslaşmanın dərinləşməsinə, müasir bilik və bacarıqların tətbiqinə, eləcə də yerli istehsalçıların bazar imkanlarının genişlənməsinə xidmət edir.

Bu gün Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində əldə etdiyi uğurların mühüm hissəsi məhz aqrar sahədə həyata keçirilən sistemli islahatların nəticəsidir. Aqroparklar isə bu siyasətin ən uğurlu komponentlərindən biri kimi çıxış edir. Onların fəaliyyəti daxili bazarın yerli məhsullarla təminatının gücləndirilməsinə, ixrac potensialının artırılmasına və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar inkişaf strategiyası kənd təsərrüfatının müasir tələblərə uyğun yenilənməsini, rəqabət qabiliyyətinin artırılmasını və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsini hədəfləyir. Aqroparkların genişləndirilməsi və onların fəaliyyətinin daha da təkmilləşdirilməsi bu məqsədlərə nail olunmasında mühüm rol oynayacaq. Bütün bunlar göstərir ki, aqroparklar Azərbaycanın müasir kənd təsərrüfatı modelinin uğurlu nəticəsi olmaqla yanaşı, aqrar sektorun gələcək inkişafının da əsas dayaqlarından biridir.

 

Elşən Ağalarov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini, partiya fəalı

1 saylı Mayak kənd tam orta məktəbin direktoru