Qardaşlıq jesti

2023-10-13 Baxış: 144
img

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsini Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. 

Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəf­li əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlət­mizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticə­sində nail olunub. 

Ölkəmiz tarix baxımından qısa müd­dət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa-qu­ruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasi­yasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və re­gional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb. 

İƏT-in növbəti iclasının Şuşa şəhə­rində keçirilməsi ilə bağlı onu da deyək ki, bu il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında səsvermə nə­ticəsində Şuşa şəhəri təşkilatın 2026-ci il üçün turizm paytaxtı seçilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin toplantıda Azərbaycanı Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində üzv dövlətlər arasında tu­rizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi is­tiqamətində görüləcək tədbirlər nəzər­dən keçirilib.

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının keçirilməsi isə Azərbaycanın yaratdığı yeni reallığın dəyişməzliyini bir daha nümayiş etdirmək üçün uğurlu platforma oldu, eyni zamanda Azərbaycan artıq regionda sülh və sabitliyin təmin olunmasının zəruriliyini bir daha əsaslandırmaq üçün cari platformadan məharətlə istifadə etdi. Həqiqətən də, artıq regionda yeni dövr başlayıb, Azərbaycan və Ermənistan arasında bitmiş münaqişənin yenidən alovlandırılması üçün lüzum, o cümlədən Ermənistanın işğalçı, təcavüzkar niyyətlərindən qaynaqlanan faktorlar, demək olar ki, tam şəkildə aradan qalxıb. Artıq Azərbaycanın əraziləri işğalda deyil, eyni zamanda separatizmin cəmi 23 saata kökü qazınıb. Belə olan halda, prinsipial narazılıq məqamları aradan qalxdığı zamanda, təbii ki, artıq region sülh və əməkdaşlıq üçün açıq olmalıdır.

Eyni zamanda təklif olunan əməkdaşlıq platforması Ermənistanın özü üçün həm iqtisadi, həm də siyasi cəhətdən xilas ola bilər. Ermənistan bölgə dövlətləri ilə əlaqələr qurmaqla, həmçinin Azərbaycanın həyata keçirdiyi çoxsaylı layihələrə qoşulmaqla özünün sosial-iqtisadi durumunu yaxşılaşdıra və nəticə etibarilə iqtisadi müstəqilliyinə doğru addımlaya bilər. Bu isə eyni zamanda hazırda qütblər arası qarşıdurmanın mərkəzlərindən çevrilməkdə olan Ermənistanın həm də siyasi asılılıqlarından qurtulması üçün şansdır.

Şuşa toplantısında diqqət çəkən məqamlardan digəri Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə ritorikası oldu. Şuşa Bəyannaməsi ilə ən ali müstəviyə qalxmış Azərbaycan və Türkiyə münasibətlərinin hazırkı mərhələdə də özünün inkişaf dövrünü yaşadığı və Şuşa Bəyannaməsində ifadə olunduğu kimi, istənilən kənar təhdidə münasibətdə adekvat reaksiya verə biləcək effektiv mexanizmə çevrildiyinin bir daha hər kəs şahidi oldu.

Bu isə o deməkdir ki, regionda Türkiyə və Azərbaycanı qarşısına almaq, Türkiyə və Azərbaycana münasibətdə ərazi iddiaları qaldırmaq və hər iki qardaş dövlətlə münasibətləri gərginləşdirmək faydasızdır. Əksinə, Azərbaycan Prezidentinin yaratdığı yeni reallıq, hər iki ölkə ilə əməkdaşlıq, iqtisadi, ticari, siyasi münasibətlərin inkişafı üçün yeni imkanlar yaradıb və bölgə dövlətləri, ələlxüsus da Ermənistan bu amildən istifadə etməklə regional tərəqqinin bir parçasına çevrilə bilər.

 

Elçin Əsədov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini