Sovet İttifaqı dağılandan sonra, türkdilli respublikaları öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Cumhuriyyətinin türk dünyası qarşısında ən böyük xidmətləri ondan ibarətdir ki, türk dilli dövlətlərin birliyi yarandı

2023-10-17 Baxış: 166
img

Türklərin tarix boyu dünya birliyi ilə fəal münasibətləri Yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli xalqın nümayəndələri arasında böyük mütəfəkkirlərin, qüdrətli dövlət xadimlərinin yetişməsinə şərait yaratmışdır. Türk dünyasının fəxri olan Ulu Öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Heydər Əliyevi başqa tarixi şəxsiyyətlərdən fərqləndirən başlıca xüsusiyyətlər Onun qeyri-adi zəkaya, yüksək təşkilatçılıq bacarığına, hadisələri müşahidə və təhlil etmək sahəsində unikal qabiliyyətə malik olmasıdır. Heydər Əliyev dühasının şöhrəti bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığmayıb, bütün dünyaya yayılmışdır.

Ulu Öndərin baxışları və fəaliyyətində Türkiyə və Türk dünyası ilə əlaqələrin qurulub inkişaf etdirilməsi xüsusi yer tuturdu. Onun bu sahədəki mövqeyi Azərbaycan daxilindəki fəaliyyətdə, SSRİ-nin türk xalqlarına münasibətdə, Türkiyə və Türk dünyası ilə əlaqələrin qurulub inkişaf etdirilməsində özünü büruzə verirdi. O, Öz fəaliyyətində Türkiyəyə, türk və müsəlman dünyasına daha geniş baxaraq onları vəhdətdə görürdü. Heydər Əliyev bu məsələdə Özünün mükəmməl nəzəri biliyi və nəhəng praktik fəaliyyəti ilə seçilirdi. Türk və müsəlman xalqları arasında mədəni əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev bu istiqamətdə fəaliyyət göstərirdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində, xüsusən SSRİ dağıldıqdan sonra yaranmış beş yeni müstəqil türk dövlətinin arasındakı ictimai-siyasi əlaqələrin hətta qırılmaq səviyyəsinə gəlib çatdığını görür və bu məsələ Onu ciddi narahat edirdi. Ulu Öndər görürdü ki, bu dövlətlərdən hər biri öz problemlərini təklikdə həll etməyə çalışır, dil bir, din bir, qan bir qardaşlarının köməyinə müraciət etməyə, qardaş yardımından bəhrələnməyə nədənsə az meyil göstərirlər. Belə bir şəraitdə türk dövlətlərindən hansısa biri təşəbbüsü ələ almalı, türk xalqlarını əməkdaşlığa, birliyə, birgə fəaliyyətə yönəltməli idi. Türkiyə böyük dövlət kimi yeni yaranmış türk dövlətləri ilə iqtisadi və mədəni əlaqələri genişləndirmək üçün cəhdlər göstərirdi. Lakin türk dövlətlərini və xalqlarını öz tarixi köklərinə istiqamətləndirmək kimi xeyirxah məqsəd güdən nisbətən məhdud miqyaslı işlərin özü belə, özünü keçmiş SSRİ-nin varisi sayan Rusiyada böyük qısqanclıqla qarşılanırdı. Eyni zamanda, Türkiyənin belə cəhdləri Avropa dövlətlərində və ABŞ-da birmənalı qarşılanmırdı. Digər tərəfdən, yeni müstəqilliyini qazanmış türk respublikalarının başçıları hələ Moskvanın adamı olaraq onlara xidmət edirdilər və bu adamların siyasi birliyə nail olmaq, tarixi soykökə qayıtmaq istiqamətində çalışmalarına ümid etmək doğru olmazdı. Çünki onlar psixoloji cəhətdən buna hələ hazır deyildilər. Odur ki, bu təşəbbüsü məhz yeni müstəqillik qazanmış türk dövlətlərindən biri öz üzərinə götürməli idi. Belə bir lider ömrünün çox hissəsini siyasətə və dövlət işlərinə həsr etmiş Heydər Əliyev ola bilərdi. Çünki Onu bütün türk xalqları görkəmli dövlət xadimi, Türk dünyasının böyük oğlu kimi tanıyırdı. Heydər Əliyev həm də Türk dünyasının problemlərini, onları yaxınlaşdırmaq yollarını dərindən bilirdi. Ona görə də, Ulu öndər hesab edirdi ki, türk xalqlarının yaxınlaşması zəruridir və müstəqil türk dövlətləri başçılarının toplantıları bu istiqamətdə əhəmiyyətli rol oynaya bilər və oynamalıdır. Ümummilli lider türk xalqlarının yaxınlaşması zəruriliyindən bəhs edərək belə demişdir: “Mən bu gün həqiqətən qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayır, bir-birimizlə daha sıx əlaqədə saxlayır. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

Bu günədək türkdilli ölkələrin dövlət başçılarının on zirvə görüşü keçirilmiş və bu görüşlərdə müzakirə olunan məsələlər və imzalanan “İstanbul bəyannaməsi”, “Bakı bəyannaməsi”, “Naxçıvan bəyannaməsi” və başqaları türkdilli dövlətlərin iqtisadi və mədəni əlaqələrinin artırılması və birliyi istiqamətində irəliyə atılmış çox mühüm addımlardır və bu gün də davam edir.

 

Xannənə Ağayeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri