Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb

2019-05-20 Baxış: 568
img

20.05.2019

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu islahatlar fonunda biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm işlər görülür. Bütün bu sistemli islahatlar isə ölkəmizin Dünya Bankının “Doing Business” hesabatında mövqeyini daha da yaxşılaşdırmasına zəmin yaradır. Azərbaycanın növbəti ildə də ən islahatçı ölkə statusunu qoruyacağı gözlənilir.

Ölkə başçısının güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqləri ilə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib. Nəticədə 2017-2018-ci illərdə bu hesabat üzrə müxtəlif normativ hüquqi akt qüvvəyə minməklə çoxlu sayda islahat tədbiri həyata keçirilib. Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub.

Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verdi. Belə ki, ötən il Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olundu. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəldi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin mövqeyinin yüksəlməsini belə qiymətləndirib: “Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcək”.

“Doing Business 2019” hesabatına əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul olunub.

Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.

“Doing Business 2019” hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.

“Doing Business 2020”yə dair islahat icmalı: Azərbaycanın qarşıdakı ildə də ən islahatçı ölkə statusunu qoruyacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Doing Business 2020” hesabatına dair islahat icmalında 11 indikator üzrə mövcud olan və daha sonra dəyişdirilən, sadələşdirilən prosedurlar barədə ətraflı məlumat verilir. “Doing Business”in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək prosedurun tam ödənişsiz olması müəyyən edilib. Yeni qeydiyyat sisteminə əsasən, qeydiyyat sənədləri yalnız vergiödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər, “ASAN İmza” olmadan elektron qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçirlər. Aparılan islahatlar nəticəsində artıq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması, eyni zamanda, işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) qeydiyyatı da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür.

Tikinti üçün icazələrin alınması indikatoru üzrə tikintiyə icazə ilə bağlı bütün texniki şərtlər və rəylər sahibkarın iştirakı olmadan elektron qaydada əldə edilir. Tikinti obyektinin istismarına icazə müddəti 20 gündən 10 günə endirilib. Tikintiyə və tikinti obyektinin istismarına icazə elektron müqavilə əsasında tam ödənişsiz aparılır. Tikinti və istismar üçün icazələrin alınması “bir pəncərə” prinsipi əsasında elektron şəkildə həyata keçirilir.

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə aparılan islahatlar nəticəsində sahibkarların şəbəkəyə qoşulma ilə əlaqədar elektron müraciət imkanı yaradılıb. Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə təkmilləşdirilmiş qaydalara əsasən, sahibkarlarla təmas minimuma endirilib, şəbəkəyə qoşulma ilə əlaqədar sahibkarın iştirakı bir dəfə müraciət zamanı, bir dəfə də yekunda tikinti obyektinə elektrik enerjisinin verilməsi zamanı tələb olunur.

“Elektron xəritə” vasitəsilə sahibkarın obyektinin, güc mərkəzlərinin yeri və həmin mərkəzlərdə sərbəst güc səviyyəsi əraziyə baxış olmadan avtomatik onlayn qaydada müəyyən edilir.

Əmlakın qeydiyyatı üzrə aparılan islahatlar nəticəsində əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlər Əmlak Xidmətləri Məkanında aparılır. Bir prosedurla, tərəflərin müraciəti əsasında əmlakın qeydiyyatı prosesi həyata keçirilir. Aparılan islahatlar nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən kağız çıxarış əldə olunması prosesi ləğv olunub, qeydiyyat tamamlandıqdan sonra qısa müddət ərzində elektron çıxarış onlayn göndərilir. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı problemlər üzrə müraciət və müvafiq olaraq onların həlli üçün hər biri ilə əlaqədar ayrılıqda, xüsusi və müstəqil mexanizmlər fəaliyyət göstərir.

Vergilərin ödənilməsi indikatoru üzrə görülən işlər nəticəsində işə götürən tərəfindən ödənilən sosial sığorta haqqının dərəcəsi 22 faizdən 15 faizə endirilib. ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizə elektronlaşdırılıb. Vergiödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanan vergi məbləğindən artıq olan hissəsi vergiödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəni verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılacaq. Həmçinin ƏDV-nin 3 ay ərzində geri qaytarılması müddəti aradan qaldırılıb.

“Doing Business” hesabatının sərhəddə ticarət indikatoru üzrə əhəmiyyətli işlər görülüb, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhəd-keçmə vaxtı, o cümlədən tələb olunan sənədlərin sayı minimuma endirilib. Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları təsdiq olunub. Bu da “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəçilərinə idxal zamanı ölkəyə gətirilən malların şəxslərin anbarlarına birbaşa aparılması, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən müstəqil qaydada gömrük eyniləşdirmə vasitələrinin (plombların və sair) çıxarılması və malların boşaldılması ilə bağlı üstünlüklər verir. İxrac zamanı isə bu üstünlük gömrük orqanına getmədən ixrac olunan elektron gömrük bəyannaməsini təqdim etməklə, malları bəyan etdiyi gömrük sərhəd-buraxılış məntəqəsinə birbaşa göndərməsi və gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrinin (plomblar, möhürlər, ştamplar və sair) müstəqil tətbiq edilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiq olunması və sahibkarlara yanaşmada risk əsaslı yoxlamaların tətbiq olunması idxal zamanı ölkəmizin mövqeyinə öz təsirini göstərib.

Kreditlərin alınması indikatoru üzrə daşınar əmlakın yüklülüyü reyestri barədə müvafiq normativ hüquqi aktlara dəyişiklik edilib. Kiçik investorların maraqlarının qorunması və müflisləşmənin həlli indikatorları üzrə qanunvericiliyə dəyişikliklər edilib, vaxt normaları müəyyən edilib. İpoteka predmetinin açıq bazarda (hərracda) satılması ilə yanaşı, elektron qaydada keçirilən hərracda da satılması qanunvericilikdə təsbit edilib. Təkrar hərracın keçirilməsi üzrə gözlənilməli müddət həddi 45 gündən 20 günə azaldılmaqla, bu sahədə operativlik və səmərəlilik artırılıb.

Ekspert: Aparılan islahatlar Azərbaycanın əsas istiqamətlər üzrə “Doing Business 2020” hesabatında mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxara bilər

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, “Doing Business 2020”yə dair islahat icmalının təqdim edilməsi ondan xəbər verir ki, Azərbaycan hökuməti bu il də islahatları davam etdirmək və dərinləşdirmək niyyətindədir. “Doing Business”in əsas fəlsəfəsi və qiymətləndirmə meyarı ondan ibarətdir ki, xidmətlərin alınması üçün tələb edilən günlərin, prosedurların sayında azalmalar olsun, iş adamları, vətəndaşlar daha az xərclər və xidmətlərdən faydalana və yararlana bilsinlər: “Ölkədə aparılan islahatlar Azərbaycanın əsas istiqamətlər üzrə “Doing Business 2020”də mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxara bilər. İslahatların aparılması növbəti illərdə ölkəmizin hesabatda ilk 20-liyə daxil olmasına şərait yaradacaq. İslahatların dərinləşməsi fonunda Azərbaycan hesabata əsasən qarşıdakı illərdə dünyada ən yaxşı investisiya mühitinə malik olan 20 ölkədən biri seçilə bilər. Məqsəd beynəlxalq hesabatlarda mövqeyimizin yaxşılaşdırılması ilə yanaşı, iş adamlarının daha yaxşı biznes mühitindən faydalana, xidmətlərdən elektron qaydada yararlana bilmələridir. “Doing Business 2020” hesabatında mövqeyimizin daha da yaxşılaşması Azərbaycanda aparılan islahatlara beynəlxalq qiymət kimi də xarakterizə olunur”.

Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizi məhz Azərbaycanda formalaşıb. Ölkəmiz iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri arasında öncül yerlərdən birini tutur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər. Bütün bu uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir.

https://azertag.az/