Anasının ad günündə şəhid olan Vətən Müharibəsi Qəhrəmanı - REPORTAJ

2020-12-23 Baxış: 1815
img

Kəşfiyyatçı Camal İsmayılov 1984-cü ildə iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində doğulub. 2002-ci ildən etibarən ömrünün tən yarısını - 18 ilini Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olub.

Camal xidməti dövründə həm intellekti, həm də peşəkarlığı ilə fərqlənib.

Rus, erməni və ingilis dillərini mükəmməl bilən kəşfiyyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, alpinizm, paraşütdən tullanmanın bütün sirlərinə yiyələnib. Paraşütlə 94 qüsursuz tullanışı olub. Torpaqlarımızın düşmən işğalından azad olunması, Şuşaya bayraq sancması onun ən böyük arzusu olub.

Atası Vidadi İsmayılov deyir ki, Camalın hərbiyə sevgisi hələ uşaq yaşlarından olub: “Yadımdadır, bir dəfə qonşuya əsgər gəlmişdi. Gəldim gördüm ağlayır. Dedilər, qonşunun oğlu əsgərlikdən gəlib, onun papağını istəyir. Getdim əsgərdən xahiş elədim, papağı aldım gətirdim verdim ona. Çox sevindi. Elə bil dünya bağışladılar ona. Sonra böyüdü, Rusiyadan Azərbaycana döndük. Burda məktəb bitirdi, əsgər getdi. Əsgərlikdə seçim vaxtı xüsusi təyinatlıları seçdi. Biz xəbər tutanda artıq xüsusi təyinatlıların təlim düşərgəsində idi”.

Camal Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən bir çox təlimlərində iştirak edib, Aprel döyüşlərinin iştirakçısı olub. İstər təlimlərdə, istərsə də döyüşlərdə həmişə öndə olub, ən çətin tapşırıqların öhdəsindən bacarıqla gəlib. Tabor komandiri olan baş gizir Camal öz taboru ilə Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, düşmənin əsas müdafiə xətti olan Xocavəndin Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında iştirak edib, 200-dən çox erməni hərbiçisini məhv edib. Oktyabrda Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanıb. Hospitalda müalicə alan Camal 4 gün sonra yenidən döyüşə qayıdıb.

Atası oğlunun Cəbrayıldan Laçına qədər öz dəstəsi ilə addım-addım, torpaqları azad edə-edə getdiyini deyir: “O, həmişə sevinirdi ki, torpaqlarımız azad olsun, balalarımız asudə yaşasın, əmin-amanlıq olsun. Ayın 19-dan 20-nə keçən gecə Laçında şəhid olub. 23-də dəfn elədik”.

Camal 2008-ci ildə ailə qurub, Əsmətxanım və Əsna adlı 2 qız övladı yadigarı qalıb. İki ay sonra isə oğlu doğulacaq. Camal sağlığında oğluna Alparsalan adının qoyulmasını istəyib. Təəssüf ki, Camala dünyaya gələcək oğlunu görmək nəsib olmadı. Anası deyir ki, biz Camalın arzu etdiyi kimi oğlunun adını Alparslan qoyacağıq – Alparslan Camal. Filarə xanım oğlu Camalın yoxluğuna hələ də inanmır: “Camal mənim cənnətimdir, behiştimdir. Deyirlər, cənnət anaların ayağının altındadır. Amma mənim cənnətim Camaldır. Onsuz mən həyatı təsəvvür edə bilmirəm. Ola bilməz, Camal yaşayır, mən yuxudayam. Əgər onun yoxluğuna inansam, yaşaya bilmərəm. Şəkillərinə baxıram, deyirəm ki, sən bilirdin axı mən sənsiz yaşaya bilməyəcəm. Amma Camal vətənini seçdi. Vətənini sevdi. Çox vətənpərvər idi”.

Noyabr ayının 21-i Filarə xanım ad günündə oğlundan zəng gözləyib. Deyir ki, ad günümü həmişə birinci o təbrik edirdi: “Bacı-qardaşları dedilər, mama, oğlun zəng edib, səni təbrik elədi? Dedim, yox. Dedim, Ülvi, Camal 2 gündür zəng eləmir. Dedi, mama, darıxma zəng eləyər bu gün, Camal sənə mütləq zəng eləyər. Axşam o, məni şəhidliyi ilə təbrik elədi. Axşam xəbərini aldıq. Laçın dəhlizində mühasirəyə düşüb şəhid olublar”.

İki qardaşın bir bacısı olan Xəyalə bütün xəyallarını Camalın üzərində qurduğunu deyir: “Camal bizə təkcə qardaş kimi yox, həm də böyük qardaş, ata idi, sirdaş idi. Arabir zəngləşirdi, bacı, boş vaxtın var? Gəl danışaq. Hər şeyi müzakirə edirdik. Danışıb gələcəyimiz barədə planlar qururduq”.

Bacısının sözlərinə görə, filmlərin qəhrəmanlarını sevən Camal həyatda onlara oxşamağa çalışırdı: “Onda qorxu hissi yox idi. Mən həmişə fikirləşirdim ki, nə qədər qorxmaz olsan da, axırda səni nəsə saxlaya bilər. Görünür, həyatda qorxmaz insanlar var imiş. Döyüşdülər, azad elədilər, qələbəni bizə verdilər. O, ən çox bilirsiniz niyə istəyirdi qələbəni? O, müharibənin sonunu balalarına buraxmaq istəmirdi. İndi böyüyən qardaşı oğluna, öz oğluna buraxmaq istəmirdi. Bu gün ona qəhrəman deyirlər. Hə, o qəhrəmandır. Təkcə bizim yox, elimizin, obamızın, millətimizin qəhrəmanıdır”.

Xüsusi Təyinatlı kəşfiyyatçı, baş gizir Camal Vidadi oğlu İsmayılov oktyabrın 23-də doğulduğu Neftçala rayonunda dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə baş gizir Camal Vidadi oğlu İsmayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Əlibəy Zeynallı