21:19
M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın
2025-04-14
Baxış: 131

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qatlarında üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önündə canlanır, bərq vurur. Zərifə Əziz qızının yaradıcı həyatının ana xəttini, heç şübhəsiz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra ömrünü oftalmologiyaya həsr etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz incəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstərmişdir. Zərifə Əziz qızının yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımlarını atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrası ilə sıx bağlı olub.
Uzun illər apardığı müşahidələr, kliniki tədqiqatlar əsasında Zərifə xanım Əliyeva 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmoloji mərkəzlərindən biri olan Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib. Peşə xəstəlikləri ilə bağlı elmi araşdırmalarının uğurlu nəticələrinə görə professor Zərifə Əliyeva oftalmologiya sahəsində ən mötəbər mükafata – SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyeva bu mükafatla təltif olunan ilk qadın alim idi. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. O, elmi-pedaqoji fəaliyyətində səmərəli tədqiqat işləri ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanmasına və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına da xüsusi diqqət yetirib, böyük zəhmət sərf edib. Görkəmli oftalmoloqun birbaşa rəhbərliyi ilə gənc alimlərin və göz həkimlərinin böyük bir nəsli yetişdirilib. Zərifə xanım həmişə tələbələrinə peşə təcrübəsini həvəslə öyrədib, onlara insani həssaslıqla yanaşıb. Bu gün də onun yetişdirdiyi kadrlar insanlara sağlamlıq bəxş edirlər. Zərifə xanımın həkim fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanların problemlərinə qayğısı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırıb. Bütün bunlardan əlavə, akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiyasını keçmiş İttifaq və dünya səviyyəsində tanıdan, təbabətdə öz dəst-xətti olan peşəkar həkim və yenilikçi alim kimi məşhurlaşıb. Təbabət elminə sanballı töhfələrinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. Zərifə xanım bir sıra orden və medallarla təltif olunub, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb. Zərifə xanımın keçdiyi şərəfli həyat yolu müasir qadının bitkin və kamil simasının formalaşması üçün həyat dərsliyidir. Bu insanın işgüzar keyfiyyətləri onun şəxsi davranışları ilə ahəngdarlıq təşkil edirdi. Təkcə alimliyi, həkimliyi ilə yox, dövlət xadiminin qızı, dünya şöhrətli siyasətçinin ömür-gün yoldaşı kimi də Zərifə xanım qibtə ediləcək bir tale yaşayıb. Siyasətçilər, politoloqlar Heydər Əliyev irsini araşdırarkən ulu öndərlə bir yerdə ikinci böyük bir şəxsiyyətin adına da mütləq diqqət yetirməli olurlar. Bu mənada onun bioqrafiyası “Hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır” həqiqətini bir daha təsdiqləyir. Zərifə Əliyevanın müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olması hər bir azərbaycanlı üçün ikiqat önəmli və öyünclüdür. Heydər Əliyev və Zərifə xanım gənclik illərindən həyatın ağrı-acılarını da dadıblar, amma bütün çətinliklərə sinə gərərək talelərini ortaqlaşdırmağı bacarıblar, mənalı və şərəfli ömür yaşayıblar.
Şölə Bağırova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər



