Xocalı soyqırımı - Qan Yaddaşımız!
Müharibə
bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür
işğalçı qəsbkarlıq qan-qada, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri
ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz
buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların
dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç
bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!..Bu dəhşətli hadisədən artıq 30 il ötür. 1992-ci il
fevral ayının 25-dən 26 - na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı
şəhərində bəşər tarixinin ən qanlı soyqırımlardan birini törətdilər. Erməni
silahlı qüvvələri Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı
ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə misli görünməmiş qəddarlıqla
divan tutdu. Azğınlaşmış ermənilər nə qocaya, nə cavana, nə uşağa aman vermədi.
Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş,
diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Erməni
təcavüzkarlarının hücumu zamanı burada üç minə yaxın insan qalmışdı. Soyqırım
nəticəsində 613 nəfər öldürüldü. Onlardan 106 qadın, 63 uşaq, 70 qoca
amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir
götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi
ailələr bütünlüklə məhv edilib. Mülki əhali görünməmiş qəddarlıqla qətlə
yetirilib. Əsir götürülənlərə amansız işgəncə verilib. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Qədim abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm
əhəmiyyət kəsb edən böyük mədəniyyətə malik Xocalı şəhəri erməni vandalizmi
nəticəsində xarabalığa çevrildi. Ermənilərin insanlığa sığmayan dəhşətli
cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200
fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir
tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Dövlətin və əhalinin əmlakına o dövrki
qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Bu, aqressiya
Ermənistanın tarixi torpaqlarımızı ələ keçirmək planının reallaşmasına şərait
yaradan ən böyük amillərdən biri idi. Xocalı faciəsini törətməklə ermənilər
xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir
qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdi. Ancaq mənfur düşmən
öz arzusuna çata bilmədi. Torpaqlarımız uğrunda qəhrəman oğullarımız canından
keçərək şəhidlik zirvəsinə ucaldı. Biz Xocalının
dərdli-naləli gecəsi barədə nə qədər yazsaq da, yenə də müsibət və dəhşətləri
olduğu kimi təsəvvür etmək çətindir. “Bu soyqırım bütün bəşəriyyətə qarşı tarixi bir
cinayətdir”-deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın
24-də Milli Məclis “Xocalı Soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli
liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan
edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il
fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayətlər
cəzasız qalmamalıdır və qalmadı da. 2020-ci il 27 sentyabr tarixində işğal
altında olan torpaqlarımızın azad olunması uğrunda başlanan
44 günlük əks-hücüm əməliyyatlarının sonunda tariximizin ən şərəfli
səhifəsi yazıldı. Müharibə ərzində ürəyi
vətən sevgisi ilə döyünən, bütün bu acıların qisasını almaq üçün bağrı yanan
vətənpərvər oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə böyük şücaət göstərərək
düşmənin başını əzməyə müvəffəq oldu. Əminliklə demək olar ki, Xocalı facıəsi
qurbanlarının qisası döyüş meydanında namərdə ermənidən fərli olaraq mülki
əhalidən deyil, onların “məğlubedilməz ordularından” alındı. Şəhidlərimizin qızıl qanı yerdə
qalmadı. Azərbaycan qalib ölkəyə çevrildi. Hər il Azərbaycan xalqı Ölkəmizin
ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Xocalıda və
digər yerlərdə qətlə yetirilmiş minlərlə həmvətənimizin xatirəsini daim əziz
tutur, onları ehtiramla yad edir.
Gülnarə Qasımova
Neftçala rayon sakini
Digər xəbərlər