Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti uğurudur!
2022-04-10
Baxış: 405
Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan əzəli torpaqlarını cəmi 44 gün ərzində azad etməsi bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlar dövlətimizin həm hərb, həm də diplomatik sahədə uğurlarının təntənəsi idi. Ermənistanın uzun illər sadiq qaldığı destruktiv siyasətin, qoruyub saxlamağa çalışdığı “status-kvo”nun bir neçə ongünlük ərzində göyə sovrulması tərəflər arasında münasibətlərdə kimin söz sahibi olacağına heç bir şübhə yeri qoymurdu. İşğalçı dövlətin təqdim olunan kapitulyasiya aktını imzalamağa məcbur olması həm özünə, həm də dünyaya konstruktivizimin önəmini, nəticəyönümlü siyasətin zəruriliyini, ən əsası isə gec-tez haqqın zəfər çalacağını nümayiş etdirmiş oldu. Müharibənin başa çatması həm tərəflər, həm də sabitliyə səs verən dünya birliyi üçün sülh prosesini danışıqlar gündəliyi etdi. İndi Ermənistan da, dünyanın aparıcı dövlətləri və təşkilatları da kompromisin və nəticəyə hesablanmış danışıqların vacibliyini, imitasiya xarakterli və vəziyyəti olduğu kimi saxlamağa hesablanmış görüşlərdən yayınmağın zəruriliyini daha yaxşı başa düşür. Həm də bütün maraqlı tərəflər onu da başa düşürlər ki, hal-hazırda danışıqlar masasında söz sahibi və diqtə edən tərəf daha çox Azərbaycandır. Bunu liderlərin və digər yuxarı səviyyəli rəsmilərin görüşlərində də açıq aydın müşahidə etmək olur. Azərbaycanın regionda yaratdığı reallıqlar qlobal miqyasda da artıq qəbul olunur. Avropa İttifaqı tərəfindən vasitəçilik əsasında tərəflər arasında görüşlərin təşkil edilməsi, müzakirə mövzuları, əldə olunan razılaşmalar və s. Azərbaycanın cızdığı konfuqirasiyaya xidmət edir. Avropa İttifaqı tərəfindən ötən ilin sonlarından başlayan tərəflər arasında etimadyaratma səyləri sülh prosesinə öz müsbət təsirlərini göstərməkdədir. Bu səylərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ötən günlərdə Brüsseldə keçirilən həm üçtərəfli, həm də ikitərəfli görüşlər danışıqlar prosesi üçün olduqca əlamətdar hadisələrlə yadda qaldı. Görüşdən dərhal sonra Şarl Mişelin “Biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə hazırlaşmağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik” fikirləri üçtərəfli görüşün nəticlərinin qısa icmalı idi. Bu fikirlər həm də Azərbaycanın maraqlarına uyğun, bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin edilməsi istiqamətində atılacaq növbəti önəmli addımların müjdəsi idi. Brüssel sülh gündəliyi çərçivəsində eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Sülh razılaşmasının əsas komponentinin Azərbaycanın irəli sürdüyü 5 baza maddədən ibarət təklifin təşkil etməsi və bunun əsasında danışıqların aparılması görüşdə əldə olunan razılığın digər tərkib hissəsi oldu. Görüşün nəticələri sırasında aprel ayının sonuna qədər Birgə Sərhəd Komissiyasının yaradılması və sərhədlərin delimitasiyası prosesinə başlaması da yer alırdı. Görüşdə, eyni zamanda Şarl Mişelin jurnalistlər üçün keçirdiyi brifinqdə “Dağlıq Qarabağ” ifadəsinin istifadə olunmaması, ATƏT-in Minsk Qrupuna istinad edilməməsi və digər bu kimi məqamlar Azərbaycan dövlətinin maraqlarının tam qorunması, sülhyaratma prosesində dəstəklənməsi demək idi. Avropa İttifaqının işğaldan azad olunmuş ərazilərdə minatəmizlə işinə, itkinlərin axtarışına, quruculuq prosesinə, nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasına və digər sahələrə verdiyi dəstək Aİ-Azərbaycan arasında münasibətlərin artan inkişafını, enerji diplomatiyasının proqnozlaşdırılan nəticələrini nümayiş etdirir. Azərbaycanın dünyada artan beynəlxalq nüfuzu Ermənistanı və bütün himayəçi tərəfləri Azərbaycanın təlqin etdiyi şərtlərlə sülh müqaviləsini imzalamağa sövq edir və edəcəkdir.
Fərhad Baxışov;
Gənclərin İnkişaf və Karyera Mərkəzinin
Neftçala nümayəndəliyinin direktoru
Digər xəbərlər
2021-11-04
2023-04-18