Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdir

2022-05-08 Baxış: 521
img
        " Azərbaycan xalqının igid oğlu, adı dillər əzbəri olan partizan-kəşfiyyatçı,
           Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıda ucaldılmış
           abidəsi Vətənimizi qorumaq üçün canından keçmiş qəhrəmanlara
           ümumxalq hörmət və məhəbbətin parlaq ifadəsidir"
                                                                                                       Ümummilli lider
                                                                                                     Heydər Əliyev
9 May bəşəriyyətinin Faşizm üzərində qələbəsi Gününsdən 77 il keçir. Həmin dövrdə Keçmiş Sovetlər İttifaqının bir parçası olan Vətənimizin bu şanlı qələbənin əldə olunmasında misilsiz rolu olmuşdur. Faşist Almaniyasının Sovetlər İttifaqına qarşı elan olunmamış bu qanlı müharibəsi dövründə 600 mindən artıq soydaşımız döyüşən cəbhələrə yola düşdü, onların yarıdan çoxu bu amanısız müharibədə həlak oldu , 42 azərbaycanlı o dövr üçün ən yüksək ada –Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Həmin qəhrəmanların bir çoxu – 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun , Gəray Əsədovun , İsrafil Məmmədovun , Ziya Bünyadovun , Aslan Vəzirovun , Məlik Məhərrəmovun , Ağaşirin Cəfərovun , Əlif Piriyevin ... döyüş şücaəti qədirbilən xalqımız tərəfindən minnətdarlıqla xatırlanır. Bu gün həmin qəhrəmanlardan biri –keçmiş Yuqoslaviyada partizan pərakatının öncüllərindən biri Azərbaycan xalqının ölməz oğlu Mehdi Hüseynzadə ( Mixaylo ) haqqında söz açaçağam
    Mehdi Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmış igid həmyerlimizdir.
... İkinci Dünya müharibəsinin həlledici məqamlarından hesab olunan Qərbi Avropanın antifaşist müqavimət hərəkatında "Mixaylo" kimi tanınan qeyri-adi döyüş bacarığı nümayiş etdirən cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin adı doğma Vətəni Azərbaycandan çox-çox uzaqlardakı ölkələri dolaşdı. O, Avstriyanın, Fransanın, İtaliyanın, Yuqoslaviyanın göylərində sönməyən əbədi parlaq ulduza döndü. Mehdinin doğulduğu Bakı şəhəri uğrunda döyüşdüyü bu ölkələrdə faşist Adolf Hitlerin göz dikdiyi neft Bakısı kimi tanınırdı. Qəhrəman Mehdi Vətənin hüdudlarından kənarda çex, slovak, polyak, yuqoslav, fransız, italyan partizan yoldaşlarına doğma Azərbaycandan, canı qədər sevdiyi Bakıdan və mavi Xəzərdən danışar, müharibə qurtardıqdan sonra birlikdə Bakıya getməyi arzulayardı, Adriatik dənizinin Xəzər dənizinə çox bənzədiyini deyərdi...
22 dekabr 1918-ci ildə Bakıda doğulmuşdu Mehdi ! Onun vaxtilə yaşadığı ev "Nizami" metro stansiyasının yaxınlığında yerləşir . Evin önünə qəhrəmanın xatirə lövhəsi vurulub. Kiçik yaşlarında atasını itirən Mehdi əvvəl anasının, sonra bibisinin himayəsində böyümüşdü. 1925-ci ildə 77 saylı yeddi illik məktəbə (hazırda 19 saylı məktəb) daxil olur. İlk müəllimləri görkəmli yazıçı Süleyman Sani Axundovdan və respublikanın xalq artisti, tanınmış bəstəkar Səid Rüstəmov olub. Gənc yaşlarından rəsmə, musiqiyə böyük həvəs göstərən Mehdi yeddi illik məktəbi bitirdikdən sonra təhsilini Bakı Rəssamlıq Texnikumunda davam etdirir. Zəhmətkeşliyi, elmə, təhsilə möhkəm bağlılığı ilə yaxınlarının, müəllim və tələbələrin dərin rəğbətini qazanır.
 O 1936-cı ilin yayında Rəssamlıq Akademiyasında oxumaq üçün Moskvaya gedir, lakin istəyinə çata bilmir. Növbəti ildə Leninqrad Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olur. Tələbəlik həyatı başlayır. Burada da müəllimlərinin, tələbə yoldaşlarının sevimlisinə çevrilir. Dördüncü kursda oxuyan Mehdi təhsilini Bakıda davam etdirmək üçün Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna keçirilir. Onu Vətənə çəkən Azərbaycan poeziyasına və Azərbaycan ədəbiyyatına olan böyük məhəbbəti idi. İstər Xarici Dillər İnstitutunda, istər ədəbiyyat fakültəsində oxuyanda da rəssam kimi də sənətini davam etdirirdi.
1941-ci ilin iyunun 22-də Faşist Almaniyası heç bir xəbardarlıq etmədən xaincəsinə Sovet İttifaqına hücum etdi Milyonlarla gənc kimi , III kurs tələbəsi ,gələcəyə böyük inamla baxan Mehdi də könüllü olaraq cəbhəyə yola düşdü.
1942-ci ilin yayında qvardiya leytenantı kimi Stalinqrad cəbhəsində ilk döyüşlərə qatılan Mehdi Kalaç rayonu istiqamətində ağır yaralanaraq almanlar tərəfindən əsir götürülür. Əsir götürülən ilk anlardan etibarən nəyin bahasına olursa-olsun əsirlikdən qurtulmaq barədə düşünən Mehdi , öz arzusunu rellaşdırıb Ukrayna və Polşa ərazisindəki həbs düşərgəsindən qaça bilsə də , bir müddətdən sonra yenə də faşistlərin əlinə keçir . Əsirlikdə olarkən Cavad Həkimi adlı bir azərbaycanlı ilə tanış olaraq , alman dilini mükəmməl öyrənərək 162-ci Türküstan alman divizisiyasına qəbul edilir. Mehdi öz dostu Cavad həkimi ilə birlikdə öz ülvi məqsədinə - yəni partizanlara qoşalmağa nail olur. Olduqca cəld ,çevik , qorxmazlıq kimi keyfiyyətlərə malik Mehdi İtalyan- Yuqoslav Partizan dəstəsinə qoşulur. Cəsur döyüşçü “ Mixaylo” öz dərin ağlı , təmkini və əsl kəşfiyyatçı məharəti ilə bütün gərgin stiuasiyalardan çıxmağı bacarır, faşistləri ağır məhrumiyyətlərə düçar edirdi . Onu bəzən rəssam , bəzən yoxsul görkəmdə , bəzən də mətbəə fəhləsi geyimində görən yerli əhali Mixaylonu əsl qəhrəman kimi sevir ,onunla fəxr edirdilər. Alman komandanlığı tərəfindən onun başına 300 min marka mükafat qoyulmuşdu. Bu “ səxavət “ təsadüfi deyildi , çünki , onun partlatdığı qatarlar ,tankerlər , elektrik stansiyaları , kazarmalar faşistlərə 100 və 1000 qat bahasına başa gəlirdi. Onun misilsiz kəşfiyyat fəaliyyəti nəticəsində əksəriyyəti yüksək rütbəli zabit olmaqla 1000-ə qədər faşist məhv edilib.
Növbəti tapşırığı uğurla icra edib qayıdarkən bu qədirbilən eloğlumuz düşmənlə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə o qəhrəmanlıqla həlak olur. Cəsur eloğlumuzu onun partizan dostları Yuqoslaviya ərazisində - Çepovani kəndində müsəlman qayda-qanunu ilə ehtiramla dəfn edirlər. 1957-ci ildə ona ən yüksək fəxri ad-Sovet İttifaqıə Qəhrəmanı adı verilir. Onun haqqında xeyli şeir ,poema , povest və romanlar yazılıb. Haqqında bir çox bədii və sənədli filmlər çəkilib.
Atalarımız gözəl deyib: “ İgid ölər , adı qalar” . Məhz dillər əzbəri olan bu igidlikdən , cəsur Mehdi şücaətindən ilhamlanaraq qəhrəman oğullarımız 2020-ci ilin sentyabrında başlanan və zəfərlə bitən vətən müharibəsində tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad etdilər.
    Samir Cəfərov