Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür.

Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda
neft-qaz resurslarının işlənməsində böyük təcrübə qazanan Azərbaycan
regional və qlobal əhəmiyyət daşıyan mühüm enerji layihələrini
reallaşdırmağa nail oldu. Şaxələndirilmiş uğurlu enerji siyasəti ölkəmizə
böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, tərəfdaş ölkələrin də
enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz ölkəmizin
şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri sayəsində hazırda Xəzər hövzəsi
bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq
məkanına çevrilib. Ölkəmizin şaxələndirilmiş uğurlu enerji siyasətinin əsası
Ümummilli Lider Heydər Əliyevin böyük səyləri hesabına 1994-cü il
sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyuldu. 1993-cü ildə Ulu
Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın
həyatında yeni mərhələnin başlanğıcı oldu. Bu gün Onun müəllifi olduğu neft
strategiyasının uğurlarını yaşayırıq. Hazırda Azərbaycan yalnız neft deyil,
qaz, elektrik enerjisi ixracatçısı kimi tanınır.
Prezident İlham Əliyev bu günlərdə Səudiyyə Ərəbistanının
“Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın enerji siyasətinin
uğurlarından geniş bəhs etdi. Bildirdi ki, enerjiyə gəlincə, bəli, bizim təbii
qaz üçün əsas istiqamətimiz Avropadır. Biz 10 Avropa ölkəsini qazla təmin
edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün
Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır
və bu rol artacaq: “Mən artıq qarşıdan gələn illər üçün planlarımızı açıq elan
etmişəm. Biz 2030-cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr
təbii qazı əmin şəkildə təmin edəcəyik. Məsələ onun necə, hansı istiqamətdə
istifadə olunmasıdır”. O da vurğulandı ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə
daxil olmaq bizim üçün ilk təcrübədir. Suriyaya qazın həcmini artıra
bilərik. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları
vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik. Biz, həmçinin enerji
resurslarının ticarətini həyata keçiririk. Biz neft və qazımızı satmaqla
yanaşı, beynəlxalq ticarətçi kimi fəaliyyət göstəririk. “Bizim potensialımız
təsəvvür ediləndən daha böyükdür. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu, mühüm
amildir” deyən cənab İlham Əliyev bildirdi ki, Yaxın Şərq ölkələri ilə, əsasən
Körfəz Əməkdaşlıq Ölkələri ilə əməkdaşlığa gəlincə, əlaqələr çox yaxşıdır -
dostcasına və nəticəyönümlüdür.
Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Bərpaolunan enerjidə
əsas sərmayədarlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından
olan şirkətlərdir. Onlar bizim əsas sərmayədarlardır. Onlar indi investisiya
yatırırlar. Bu çağırış da səsləndirildi ki, bərpaolunan enerji potensialımız
aşağı qiymətləndirilməməlidir. İmzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə
Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6
giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq. Bundan əlavə,
Qarabağda fəal şəkildə su elektrik stansiyaları inşa edirik. Artıq demək
olar ki, 300 meqavat enerji əldə etmişik. Beləliklə, bu, Azərbaycanla Körfəz
Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim
faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal
şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik.
BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz
yataqlarımızdan birinin səhmdarı olub.
Eyni zamanda, SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin
səhmdarı olub. Hazırda geniş əməkdaşlıq portfeli üzərində işin həqiqətən
fəal mərhələsindəyik. Siyasi əlaqələr mükəmməldir. Azərbaycan əsas
diqqəti enerji və digər sahələrdə - mehmanxana işi, turizm, kənd təsərrüfatında
praktiki investisiya layihələrinə yönəldir. Beləliklə, bir çox layihələr
reallaşma mərhələsindədir. Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən
biri Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi
seçilib. Bu, kənd təsərrüfatı, eləcə də insanlar üçün çoxlu imkanlar
yaradacaq. Bu, xarici siyasət gündəliyimizin böyük bir hissəsidir. Körfəz
ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir.
Ümumilikdə Azərbaycanın uğurlu enerji siyasəti yeni dostlar və tərəfdaşlar
qazanmasında əhəmiyyətli rol oynayır.
Mehrac Gözəlov,
YAP Neftçala
rayon təşkilatı
Ərazi partiya təşkilatının
sədri
Digər xəbərlər



