Cari ilin 13 sentyabt tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir.

2022-09-20 Baxış: 337
img

    Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də  Şanxay Əməkdaşlıq  təşkilatına üzv ölkələrin sammitində iştirak etmişdir.

    Prezident İlham Əliyev sammitdə çıxış etmişdir. Çıxışı zamanı sammit iştirakçılarına bu il sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribatlar törətməsi bərədə məlumat vermişdir. Azərbaycan silahlı qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə aldığını vurğulamışdır. Həmçinin qeyd etmişdir ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

    Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan təmas xəttində ermənilər tərəfindən törədilən hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar siyasət yeritdiyini sübuta yetirdi. Ermənistan iki il əvvəl Azərbaycanla sərhəddə törətdiyi təxribatı təkrarlamaqdadır. Bu il sentyabrın 12-13-də baş verənlər iki il öncə, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini qorumaq məqsədilə növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək üçün adekvat addımlar atmaq məcburiyyətində qalıb.

    Ermənilərin törətdikləri son hərbi təxribatın qarşısını Azərbaycan Ordusu aldı və düşmənin silahlı qüvvələrinin təmas xəttinə yaxın və daha dərinliklərdəki hərbi texnikalarını və xeyli sayda canlı qüvvələrini məhv etdi. Həyata keçirilmiş uğurlu əks hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu təxminən 100 kvadratkilometrlik ərazini və hakim yüksəklikləri ələ keçirdi. Bu gün Ermənistan rəhbərliyi bütün dünyaya car çəkir ki, guya Azərbaycan Ordusu Ermənistan ərazisinə daxil olub. Əslində Azərbaycan Ordusu Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmamış əraziləri ələ keçirib. Azərbaycanın hüququ var ki, öz ərazisinin təhlükəsizliyini təmin etmək üçün bu ərazilərdə bufer zona yaratsın. Bu gün Azərbaycan Silahlı Qüvvələri Xankəndidən Ermənistana və Qafandan İrəvana gedən bütün yollara nəzarət edir.

     Bu hərbi qələbəmizlə Silahlı Qüvvələrimiz bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa və Azərbaycan əsgəri qətlə yetirilərsə, bunun cavabı çox ağır olacaq.


Aytac İskəndərli,

YAP Neftçala rayon təşkilatının mühasibi