Azərbaycan Avrasiyanın geoiqtisadi, logistik mərkəzinə çevrilir!

2022-09-22 Baxış: 305
img

Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Ötən dövr ərzində ölkə başçısının rəhbərliyi ilə dünyada nümunə göstəriləcək modern Azərbaycan dövləti modeli formalaşıb. Cənab Prezident İlham Əliyevin yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin milli maraqlarını, prinsipial mövqeyini hər zaman qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırması 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz şanlı qələbəmiz üçün də ciddi zəmin yaradıb. Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərinin başçıları Şurasının 2015-ci ildə keçirilmiş iclasında Azərbaycan Respublikasına Təşkilatda dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında imzalanmış memorandumda əməkdaşlıq sahələri əks olunub. Bu ilin sentyabr ayının 16-da ŞƏT-in Səmərqənddə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak etmişdir. Sammitdə çıxış edən Azərbaycan Prezidenti təkilata üzv ölkələrin dövlət başçılarına Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat verib, Azərbaycan- Ermənistan münasibətlərinin mövcud durumu və son hadisələrə bağlı dolğun açıqlamalar təqdim edib. Prezident İlham Əliyevin Səmərqənd Sammitində iştirakı ölkəmizin dünyada, o cümlədən Avrasiya məkanında getdikcə artan nüfuzunun daha bir göstəricisidir. Əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan tranzit yollarının üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir. Ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik haba çevrilməsi üçün real imkanlar yaradır. Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən cənab İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verərək bildirdi ki, ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə böyük töhfələr verib.             2020-ci ilin sonunda “Qarabağ münaqişəsi”nin həlli də regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Bu dəhlizin açılması 10 noyabr Üçtərəfli Bəyanatında da öz əksini tapıb. Azərbaycan dəhlizin açılması üçün avtomobil və dəmir yolu layihələrinin icrasını, demək olar ki, yekunlaşdırmaq üzrədir. Lakin Ermənistan bu məsələdə də üzərinə düşən öhdəlikdən boyun qaçırmaqla yenə də öz məkrli oyunlarını oynamaqda davam edir. İlham Əliyev qətiyyətlə vurğulayıb ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz açılacaq. İlk növbədə isə tərəflər arasında sülh sazişi imzalanmalıdır. Əgər saziş imzalanarsa, dəhlizin təhlükəsizliyinin təminatı da reallaşa bilər. Sammitdə çıxışı zamanı İlham Əliyev həm də son günlər Ermənistanın dövlət sərhədində törətdiyi təxribatlardan söz açıb. Azərbaycan Prezidenti bildirib ki, düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınır və alınacaq. Cənab Prezident bəyan edib ki, bu cür təxribatların baş verməməsi, hər iki tərəfdən itkilərin olmaması üçün barış müqaviləsinin imzalanması vacibdir. Bunun üçün isə Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. Tərəflər ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıdır. Azərbaycan hər zaman buna hazır olduğunu bəyan edib. Ermənistan isə təxribatları ilə sazişin imzalanmasını əngəlləməyə çalışır. Prezident sammit iştirakçılarının diqqətinə bir daha çatdırıb ki, sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətsə də, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Dövlət başçısı Ermənistanın bu təxribatını iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə adlandıraraq bəyan edib ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan isə  öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəzliyə əsaslanaraq həyata keçirir və keçirməyə davam edəcək.

 

           Fərhad Baxışov;

           Gənclərin İnkişaf və Karyera Mərkəzinin

           Neftçala rayon nümayəndəliyinin direktoru