Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu Azərbaycandan keçir

2022-12-02 Baxış: 274
img

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Cənab prezident İlham Əliyev iştirak edib. Çıxışı zamanı prezident bir çox məsələlərə toxunub. Sitatda deyilir:

Azərbaycanın coğrafiyası yaxşı məlumdur. Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda, bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə  əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi biz nə işlər görürük. Biz müasirləşdirmə işləri aparırıq. Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna.

“Azərbaycan və Türkiyə nəqliyyat layihələri də daxil olmaqla geniş regional əməkdaşlığın tərəfdarı idilər. Ona görə də Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Qafqaz və Türkiyə, İran, Rusiyanı nəzərdə tutan bu 3+3 formatı təqdim olundu. Müharibədən sonrakı vəziyyət Ağdamda Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına gətirib çıxarsa da, bu, regionun bu iki dövlətinin gələcək regional konfiqurasiyada rol oynayacağı anlamına gəlirdi. İkinci Qarabağ müharibəsi zamanı və bu müharibədən sonra biz İran təmsilçilərinin heç bir fəaliyyətini görmədik. Biz, sadəcə olaraq, inklüziv ssenarinin lazım olduğunu bildirdik, ona görə də İran və Gürcüstan da dəvət olundu. Gürcüstanın tərəddüdləri var, çünki onlar Rusiyanın iştirak etdiyi platformada Gürcüstanın separatçı əyalətlərindəki vəziyyətə görə iştirak edə bilməyəcəyini bildiriblər. İran bunu dəstəklədiyini bildirib və biz bunu yaxşı əlamət hesab edərək düşünürdük ki, nəhayət bir araya gələrək dəhlizlər də daxil olmaqla, mühüm məsələləri həll edəcəyik. Çünki bu dəhlizlər hamımızın marağındadır. Odur ki, indi xəritəyə baxsanız görərsiniz, - xüsusən də əvvəllər əlavə yüklərə ehtiyac olduğu barədə dediklərimizi nəzərə alsaq, - bizə əlavə marşrutlar lazımdır. Biz Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu vəziyyətdən hər bir ölkə qazana bilər. Çünki bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini bəlkə də minimum 3-5 milyard dollar edəcək. Bu layihəyə kim sərmayə qoyacaq? Heç kim. Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Çünki separatçı Abxaziyadan keçən ənənəvi marşrut bağlanıb, Gürcüstan hökuməti onu açmaq istəmir və bu, təbiidir. Biz bunu başa düşürük. Deməli, bu dəhlizin olması bizim maraqlarımızdan daha çox Ermənistanın marağındadır. Çünki Türkiyə ilə əlaqələrimizdə biz Bakı-Tbilisi-Qars dəmir yolundan, Gürcüstanın dəniz limanlarından, Naxçıvanla əlaqədə isə İran ərazisindən istifadə edirik. Naxçıvanın Türkiyə ilə sərhədi var. Bizim Gürcüstan, Türkiyə, Naxçıvan vasitəsilə əlaqəmiz ola bilər. Ona görə də biz bütün bu üstünlükləri nəzərə alaraq 3+3 formatını təklif etdik. Əlbəttə ki, bizim Naxçıvana dəmir yolu və avtomobil yolu ilə əlaqəmiz olacaq. Amma təəssüf ki, bu, dayanıb, çünki bəzi İran rəsmiləri tərəfindən atılan son addımlar və hərəkətlər tamamilə qeyri-məhsuldardır. Biz isə bu narazılığın mənşəyini anlaya bilmirik” deyə Azərbaycan Prezidenti vurğulayıb.

Məhəmməd Abuşov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü