Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir
2023-01-21
Baxış: 323
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini
bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və
müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini
müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar
iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Müstəqilliyin ilk illərində Azərbaycanın
xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil
etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki,
bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın
öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin
enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu
baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu
ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların
yaradılması böyük əhəmiyyət daşıyır.
XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş
miqyaslı islahatların daha da dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək
sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə
investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi
müasir meyarlara uyğun yenidən qurulmuşdur.
Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi
ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın
önəmli yer tutmasına şərait yaratmışdır.
Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması
Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində
böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır
və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq
etməsi yüksək qiymətləndirilir.
Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət
nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük
layihələrə imza atılıb.
Prezident İlham Əliyev 17 yanvar tarixində
Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına enerji
böhranı haqqında müsahibəsi zamanı bildirmişdir ki, bizim bu sahədəki təşəbbüslərimizə
və nailiyyətlərimizə gəlincə, ilk növbədə, biz enerji təhlükəsizliyinə gedən
yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac
marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb
etməyə nail olmuşuq. Biz ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər
sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla,
qonşularımızla razılaşmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı
idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən
enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit
dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş
uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı
olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli
olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500
kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi
dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni,
10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa
Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını,
Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən
çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı
buna öz töhfəsini verib.
Biz komanda işini qurmağa nail olduq. Biz bu işi
məhz belə qura bildik. İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu
bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac
var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə
töhfənin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki
dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu
hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan
sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi
Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı
genişləndirəcəyik.
Fəxriyyə Qafarova,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər
2021-11-04
2023-04-18