Yeni imkanlar

2023-01-21 Baxış: 295
img
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Avropa ölkələri, Türk dünyası ilə yanaşı, ərəb dövlətləri ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri bu əlaqələrin müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürüdür. Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir.
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev iki ölkə arasında olan əlaqələri yüksək qiymətləndirərək Azərbaycanın həyata keçirdiyi enerji siyasəti haqqında geniş məlumat verib. Dövlətimizin başçısının da qeyd etdiyi kimi enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin edilib və bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir, bərpaolunan enerji ilə bağlı proqram isə tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, Azərbaycan onun sayəsində ixracını şaxələndirəcək və nəticədə iqtisadiyyatın yeni ekoloji təmiz sektoru yaranacaq. Bu isə gələcəkdə bərpaolunan enerji sahəsində daha çox sərmayə və texnologiyanın cəlb edilməsinə imkan verəcək.
“Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında onu da vurğuladı ki, Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu potensial rəqəmlər quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Eyni zamanda, SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti arasında Azərbaycanda ümumilikdə 4 qiqavatlıq gücündə dənizdə külək və hidrogen layihələrinin, günəş fotovoltaik və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişləri imzalanıb. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında bu razılaşma qısamüddətli bir layihədir. Lakin ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Prezident İlham Əliyev bildirdi ki, “Masdar” şirkəti ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Həmçinin ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər Azərbaycana 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.
Azərbaycanın ərəb dünyasında rolu artır və bu, bir neçə amillə əlaqədardır.
Birincisi, Azərbaycanın, xüsusilə 2020-ci ildə ərazilərini işğaldan azad etdikdən sonra dünya miqyasında əhəmiyyəti yüksəlir.İkincisi, Avropadakı enerji böhranı üzündən rəsmi Bakı enerji təchizatçısı kimi rolunu daha da gücləndirib.Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında starateji əhəmiyyət daşıyan əlaqələrin inkişafı üçün yeni imkanlar yaranıb.
Günel  Əliyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü