M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadın
Bütün tarixi dövrlərdə görkəmli elm
adamları, ziyalılar, yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan maddi və
mənəvi irs mənsub olduqları xalqın, dövlətin, eləcə də bəşəriyyətin sərvəti
hesab olunub.Onların ibrətamiz həyatı, işıqlı amalları daim tariximizə nur
saçır, milli-mənəvi xarakteristikamızı şərəfləndirir. Belə əbədiyaşar
şəxsiyyətlərdən biri də zəmanəsinin görkəmli oftalmoloq-alimi, akademik Zərifə
Əziz qızı Əliyevadır.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin
28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya
göz açıb. Öz dövrünün qabaqcıl düşüncəli insanlarının, cəmiyyətə təmənnasız
xidmət etmiş şəxsiyyətlərin ailəsində böyüyüb, tərbiyə alıb. Bu mühit onu da
əsl tarixi şəxsiyyət kimi formalaşdırıb.
Zərifə xanım atasının sayəsində
uşaqlıqdan tibb sahəsinə könül verib. Onun yeniyetməlik və gənclik çağları
İkinci Dünya müharibəsinə təsadüf edib. Oxuduğu orta məktəbdə dərsləri bitəndən
sonra hər gün şagird rəfiqələri ilə birgə yaxınlıqdakı hərbi hospitala gedir,
həkimlərə, tibb bacılarına kömək etməyə çalışır, yaralı hərbçilərə öz
ailələrinə məktub yazmaqda kömək göstərirdi. Elə o vaxtdan qayğıya, diqqətə
ehtiyacı olanlara pasibanlıq etmək onun ömür amalına çevrilib. 1942-ci ildə
orta məktəbi bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika
fakültəsinə daxil olub. Özünün dərin zəkası, dünyagörüşü, yüksək mədəni
səviyyəsi ilə müəllimlərinin və tələbə yoldaşlarının dərin rəğbətini qazanıb.
İnstitutda təşkil olunan tələbə elmi toplantılarında məruzələrlə çıxışlar edən
gələcək həkim cəsarətli fikirlər irəli sürür, sərbəst mülahizələr yürüdür,
dəyərli nəticələr çıxararaq, tanınmış alimlərlə fikir mübadiləsi aparırdı.
Zərifə Əliyeva oftalmoloq ixtisasına
yiyələnmişdir. Ötən əsrin ortalarında dünyada traxoma xəstəliyi geniş
yayılmışdı, 400 milyona qədər insan bu infeksion xəstəlikdən əziyyət çəkirdi və
onların bir qismi fiziki korluğa düçar olmuşdu. Elmin oftalmologiya sahəsi isə
o qədər də inkişaf etməmişdi, ixtisaslı kadrlar çatışmırdı. Buna görə də Zərifə
xanım görmə orqanlarını sıradan çıxaran bu xəstəliyə qarşı mübarizə aparmağı
qərara almışdı. İnsanların dünyada ən böyük nemət olan işığa həsrət qalması ilə
barışmaq istəmirdi, onların xilası naminə əlindən gələni edirdi və ömrünün
sonuna qədər bu əqidədə qaldı.
Zərifə xanım Əliyevanın üstünlüyü onun
biliyi, təcrübəsi, əli yüngül olan bir həkim kimi şəfa vermək bacarığı onun əsl
insani keyfiyyətləri ilə daha da dolğunlaşaraq, böyük azərbaycanlı qadın alimin
ideal obrazını yaradıb. Müharibədən sonra da Azərbaycanda regional əhəmiyyət
kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair
fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin səmərəli müalicə üsullarını
və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım
Əliyevanın fəaliyyəti danılmazdır. Onun effektiv mübarizə üsulları təkcə
oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm
önəm daşıyır.
Gənc həkim Azərbaycan Tibb İnstitutunda
təhsilini başa vurandan sonra iki il Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçib. Vətənə qayıdınca
Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi
fəaliyyətə başlayıb. 1950-ci ildə aspiranturaya daxil olaraq praktik həkim
fəaliyyəti ilə yanaşı, elmi axtarışlar aparıb. Bu sahədə çalışmalarının ilk
mərhələsini məhz traxoma xəstəliyinin müalicəsinə həsr edib. Eyni zamanda,
digər göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib
hazırlanması ilə məşğul olub. Konkret müalicə təcrübəsindən əlavə, tez-tez
rayonlara gedib, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali arasında geniş
maarifləndirmə işləri aparıb. Bütün bunlara ciddi tələbat olduğuna görə Zərifə
xanım elmi axtarışlarını əzmlə davam etdirib. “Traxomanın digər terapiya üsulları
ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını
uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. Böyük alimlər
bu gün də etiraf edirlər ki, Zərifə xanım traxomanın müalicəsində o dövrün
güclü antibiotiklərindən hesab edilən “Sintomisin”dən isifadə etməklə, yeni
üsul tətbiq etmiş, uğurlu nəticələrə nail olmuşdur.
Zərifə Əliyevanın pedaqoji fəaliyyəti
geniş olmuşdur. 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunda dosent kimi fəaliyyətə başlamış, çox keçmədən
professor, daha sonra kafedra müdiri vəzifəsində çalışmışdır. Onun təşəbbüsü
ilə 1977-ci ildə Bakıda böyük uğurla Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə
Heyətinin plenumu keçirilmişdir. Plenum Azərbaycanda görmə orqanının peşə
patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat
laboratoriyasının yaradılması ilə bağlı professor Zərifə Əliyevanın irəli
sürdüyü təşəbbüsü bəyənmiş və iki il sonra AEA-nın Fiziologiya İnstitutunda
həmin laboratoriya təşkil edilmişdir. Laboratoriyanın tədqiqat bazası Bakı
Məişət Kondisionerləri zavodu idi. Burada elmi tədqiqatlarla yanaşı, müalicə
işləri də aparılırdı. Zərifə xanım özünün kəşf etdiyi görmə aparatı vasitəsilə
kompleks diaqnostika və erkən cərrahi müalicə üsullarını uğurla tətbiq edirdi.
“Kəskin virus konyunktivitləri”,
“Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin
xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə
orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”,
“Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi
haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və digər əsərləri Zərifə xanımın
tibb elminə sanballı töhfələridir.
Alim göz yaşı aparatı xəstəliklərinin
öyrənilməsinə də xüsusi diqqət yetirmiş, bu mövzuya həsr etdiyi “Yaşaparıcı
yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı
yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri ilə Azərbaycan
lakrimologiyasının banisinə çevrilmişdir. Tibb elminin nadir sahələrindən olan
iridodiaqnostika və iridoterapiya problemlərinə həsr etdiyi
“İridodiaqnostikanın əsasları” və “İridodiaqnostika” adlı monoqrafiyaları da
qeyd etmək lazımdır. Fərəhli haldır ki, iridodiaqnostikaya dair ilk kitabları
məhz akademik Zərifə Əliyeva yazmışdır. Alim müasir dövrdə də həkimlərin əl-əl
gəzdirdiyi “Terapevtik oftalmologiya” əsərinin və “Oftalmologiyanın aktual
məsələləri” monoqrafiyasın müəlliflərindən biridir.
Zərifə xanım Əliyeva 1980-ci ildə
“Əməkdar elm xadimi” fəxri adına, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının
akademik M.İ.Averbax adına Mükafatına layiq görülmüşdür. O, Sovet İttifaqında
belə yüksək mükafata layiq görülən ilk qadın alim idi. 1983-cü ildə görkəmli
alim Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Zərifə xanım,
həmçinin Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü
Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin,
“Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Bütün bu elmi-pedaqoji və tibbi uğurları
ilə yanaşı, Zərifə xanım zərif qadın, qayğıkeş ana, mehriban ömür-gün yoldaşı
kimi də qürurla anılır. Ulu Öndər Heydər Əliyev özünün qızğın siyasi
fəaliyyətində onunla çiyin-çiyinə çalışmış Zərifə Xanım Əliyevanın xatirəsini
həmişə ehtiramla yad edərək qeyd edirdi ki, “Zərifə xanım çox böyük alim olub.
Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun
elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi.
Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması,
övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün
Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu
əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər,
formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür.”Bu gün Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı
olaraq dünyada şöhrət qazanmış İlham Əliyev həyat və fəaliyyətindəki möhtəşəm
uğurlarına görə özünü ilk növbədə atası Heydər Əliyevin və anası Zərifə xanım
Əliyevanın ruhuna borclu sayır.
Birinci Vitse prezident Mehriban xanım
özünü Əliyeva Zərifə xanımın yolunun davamçısı hesab edir.
Onun xatirəsinə daim hörmətlə yanaşan Mehriban xanım həm həkim, həm ictimai
xadim, həm də ailəsinin ağıllı xanımı olaraq bu böyük şəxsiyyətin, bu tarixi
qadının bütün keyfiyyətlərini özündə əks etdirərək onu yaşadır, irəli sürdüyü
təşəbbüslərlə, həyata keçirdiyi layihələrlə dünyada sülhün təmin olunmasına,
tolerantlıq, mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin
yayılmasına töhfə verir.
...Bu böyük azərbaycanlı qadın günəşli bir aprel günündə dünyaya
gəlmişdi. Elə günəşli bir aprel günündə də bu dünyadan köçdü. Zərifə xanım
Əliyeva ilə bağlı düşüncələrdən bir həqiqəti dərk edirsən ki, ömrünü böyük
mənəvi ideallara həsr etmiş şəxsiyyətlər heç zaman unudulmur. O ideallar
yaşadıqca, var olduqca Zərifə xanım kimi şəxsiyyətlər də yaşayır.
Dəyərli alimin ruhu qarşısında baş
əyirik!
Fərqanə Ağalarova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər