Müstəqilliyin ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə
1993-cü
ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının
açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının
talan edilməsi adı hala çevrilmişdi. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin
ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət
başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyətə
gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar.
Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə
qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan
bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə
nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik
hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın
çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı
ilə nəticələndi, Şuşanı, Laçını düşmənə təhvil verdi. Hakimiyyəti zəbt etmiş
qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına
düşdü.
Belə
bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər
Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri
əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən
qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən
AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Ulu Öndər
Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və
parçalanmaqdan xilas etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və
respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin
həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən
hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq
nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən
qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış,
yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf
yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər
Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında
qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.
Azərbaycan
xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə
yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və
iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993 -cü
il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə
verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram
elan etmişdir.
Ulu Öndər
Heydər Əliyevin xalqımız və tariximiz qarşısında əbədi və unudulmaz xidməti.
1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas
olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən
dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin
geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini
xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Dövlətçilik
salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr
etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın
rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla
anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət
bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Aytac
İskəndərli,
YAP
Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər