Növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar

2023-07-26 Baxış: 261
img

Prezident İlham Əliyev cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edib, yerli və xarici media nümayəndələrinin suallarını cavablandıraraq mühüm bəyanatlar verib.

Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insan qayıdacaq. 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyulub. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınıb. Vətəndaşlarımız doğma torpaqlarına qayıtdıqca regional inkişaf məsələsi də gündəmə gəlir.

Regional inkişaf Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır.

Ölkəmiz demək olar ki, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması işlərinə köklənib. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Cənab Prezident üçün prinsipial məsələ işğaldan əziyyət çəkən 1 milyon insanın öz dədə-baba torpaqlarına qayıtmasıdır. Növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır.

Ermənistanla münasibətlərin tənzimlənməsində biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq. Yüksək risk zonası təkcə ekspertlərin qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə imkanlarıdır. Bunlar birbaşa olaraq xarici sərmayələrlə bağlı məsələdir. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar.

Əldən düşmüş, gözü xarici ölkələrin verdikləri yardımlarda qalan Ermənistan bu nüansları nəzərə alsa, o zaman vətəndaşlarına ən böyük yaxşılıq etmiş olar. Xalqını, vətəndaşını düşünən ölkə rəhbəri, liderə sahib olmaq şans məsələsidir.

 

Elçin Əsədov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatı sədrinin müavini