Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir.
Prezident İlham Əliyevin qonşu
ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi önəmə malikdir. Bu
iki dost ölkəni təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir.
Yəni, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və hər iki dövlət,
həm də mühüm strateji tərəfdaşdırlar. Hazırda hər iki ölkə bir çox səhələr üzrə
çox uğurla əməkdaşlıq edir. Ölkəmizin başçısının Gürcüstanın Baş naziri
İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfəri
ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına
təkan verəcək. Səfər çərçivəsində Gürcüstan və Azərbaycan liderlərinin
mətbuata verdikləri birgə bəyanatlarda bölgə üçün əhəmiyyətli mesajlar
var.
Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq
edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam
edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Qarşılıqlı səfərlər ikitərəfli
əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli
rol oynayır. Günümüzün əsas müzakirə mövzularından biri də bölgədə dayanıqlı
sülhün və təhlükəsizliyin yaradılmasıdır. Tarixi Zəfərimizin
yaratdığı reallıqlar yeni əməkdaşlıq formatlarının həyata vəsiqə almasına
yol açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və
Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib: “Bütün beynəlxalq
təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə
bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi
bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün
pozulması qəbuledilməzdir.”
Həmçinin Prezident İlham Əliyev gələcəkdə Ermənistanla görüşlər üçün
Gürcüstanı təklif edib. Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını
ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən
dövlət başçısı qeyd edib: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan
da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal
bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli
görüşə gələ bilərlər.”
Xüsusi vurğulamaq lazımdır ki, indi iki ölkə arasında iqtisadi əlaqələr
günü-gündən inkişaf edir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771
milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500
milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət
dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə
müsbət 444 milyon ABŞ dolları təşkil edib. Azərbaycan ilə Gürcüstanın tarixi İpək
Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və
nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini
dəfələrlə artırıb. Beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub
Qaz Dəhlizindən öncə regional əməkdaşlığın inkişafına yönələn
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eyni zamanda,
iqtisadi və siyasi əhəmiyyətinə görə adları çəkilən layihələrdən heç də geri
qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq reallığa çevrilib.
Elçin Əliyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər