Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır

2022-11-14 Baxış: 204
img

2020-ci il Azərbaycan üçün mühüm hadisələrin baş verdiyi il olmuşdur. Sentyabrın 27-də sürətli əks-hücuma keçən Azərbaycan ordusu düşmənin müdafiə xəttini yararaq işğal altında olan ərazilərimizi işğalçılardan azad etməyə başladı. Azərbaycan 44 günlük müharibə dövründə “Dəmir yumruq” əməliyyatı həyata keçirməklə erməni qəsbkarlarını darmadağın etdi. Nəticədə Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu.

Azərbaycanın xarici və daxili siyasət baxımından 2020-ci ildə əldə etdiyi ən mühüm nailiyyət sentyabrın 27-də başlanan və 44 gün davam edən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi əməliyyatıdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam etmiş 2-ci Qarabağ müharibəsi münaqişənin 30 ilə yaxın diplomatik yolla həll oluna bilməməsi fonunda baş vermiş və Azərbaycan ordusunun müstəsna uğurları ilə nəticələnmişdir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli birgə bəyanat isə Dağlıq Qarabağ münaqişəsinə köklü dəyişiklik gətirmişdir. Sözügedən birgə bəyanatın maddələri tərəflər üçün fərqli mənalar ifadə edir. Birgə bəyanat Azərbaycan üçün uğurlu hesab olunsa da, Ermənistan barədə bunu söyləmək olmaz. Birgə bəyanatı imzalamış Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan xalqının müxtəlif təhqirləri və şiddətli reaksiyaları ilə üzləşmişdir.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Qarabağ ərazisində abidələrimizə münasibətdə həyata keçirdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olub. Uzun illər işğal altında olan, erməniləşdirilməyə və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrimizin vəziyyəti bütün dünyaya bəllidir. İşğalçı Ermənistan tərəfindən əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilib və ya erməniləşdirilib. İşğaldan azad olunmuş ərazilərdə təşkil edilən monitorinqlər zamanı bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri və s. mədəniyyət obyektlərinin qeydiyyatı aparılıb və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olduğu müəyyən edilib.
Vəhşi düşmən üç onillik ərzində nəzarəti altında saxladığı torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədib. Lakin erməni vandalizminin, dağıntıların miqyası böyük olsa da, Azərbaycan Vətən müharibəsində işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərdə bərpa layihələrinin icrasına başlanılması, hazırda işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha təsdiqləyir. Görülən işlərə istinadən deyə bilərik ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır. Yeri gəlmişkən, avqustun 16-da Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərinə qatılıblar. Yolboyu işğaldan azad edilən ərazilərimiz barədə məlumat verən dövlətimizin başçısı “Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq”, - deyə qeyd etmişdir.

Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.
İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb.
Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək.

Cənab İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışında vurğulamışdır ki,
otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq.

Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir.

Elnarə Əliyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü